SOCAR balanslaşdırılmış enerji şirkətinə çevriləcək - Əfqan İsayev

Energetika Materials 2 İyun 2026 16:34 (UTC +04:00)
SOCAR balanslaşdırılmış enerji şirkətinə çevriləcək - Əfqan İsayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR 2035-ci ilədək balanslaşdırılmış enerji şirkətinə çevriləcək.

Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb və bu sahəyə dövlət dəstəyi davamlı olaraq gücləndirilir.

Ə.İsayev bildirib ki, əvvəllər bərpa olunan enerji layihələri üçün investisiya təşviqi sənədləri təqdim olunurdu və bu sənədlər müəyyən vergi güzəştləri nəzərdə tuturdu. Yeni qanunvericiliyə əsasən isə bu güzəştlərin müddəti 7 ildən 30 ilə qədər uzadılıb ki, bu da layihələrin maliyyə dayanıqlığını əhəmiyyətli dərəcədə artırır.

O qeyd edib ki, beynəlxalq enerji layihələrinin həyata keçirilməsində hökumətlərarası sazişlər mühüm rol oynayır.
“Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan və digər neft-qaz infrastrukturu layihələrinin icrası zamanı bunun şahidi olmuşuq. Eyni yanaşma bərpa olunan enerji və enerji bağlantıları layihələrində də tətbiq oluna bilər. Bunun üçün bütün əsas mexanizmlər mövcuddur, sadəcə onları yeni layihələrə uyğunlaşdırmaq və tətbiq etmək lazımdır”, – deyə vitse-prezident vurğulayıb.

Ə.İsayev bəzi ölkələrdə, o cümlədən Türkiyədə ev sahibi hökumətlərlə bağlanan sazişlərin parlamentlər tərəfindən ratifikasiya olunduğunu xatırladaraq, bu cür dəstək mexanizmlərinin iri enerji layihələrinin reallaşdırılması üçün vacib olduğunu bildirib.

SOCAR-ın strateji transformasiya prosesindən də danışan vitse-prezident qeyd edib ki, şirkət 2023-cü ildə özünün dekarbonizasiya və ümumi inkişaf strategiyasına yenidən baxıb.

“2035-ci ilədək məqsədimiz yalnız neft-qaz şirkəti deyil, balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməkdir. Bu portfel həm karbohidrogen biznesini, həm də aşağı karbonlu fəaliyyət sahələrini əhatə edəcək”, – deyə o bildirib.
Ə.İsayevin sözlərinə görə, yeni strategiya üç əsas istiqamət üzərində qurulub: əsas fəaliyyətin dekarbonizasiyası, təşkilati strukturun yenilənməsi və aşağı karbonlu biznes sahələrinə, xüsusilə bərpa olunan enerjiyə investisiyaların artırılması.

O qeyd edib ki, şirkət metan emissiyalarının azaldılması istiqamətində mühüm nəticələr əldə edib, təşkilati transformasiya prosesini isə artıq tam başa çatdırıb.

Vitse-prezident əlavə edib ki, bərpa olunan enerji sahəsində bilik və təcrübənin daha sürətli əldə olunması məqsədilə SOCAR dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq yolunu seçib.

Bu məqsədlə 2024-cü ilin mart ayında SOCAR Green şirkəti yaradılıb.

“Masdar, bp, China Energy və PowerChina kimi tərəfdaşlarımızın dəstəyi ilə bərpa olunan enerji və enerji saxlama sistemləri sahəsində imkanlarımızı sürətlə inkişaf etdiririk. Bu əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır və indiyədək çox uğurlu nəticələr verib”, – deyə Ə.İsayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti