Bakı.Trend:
Gürcüstan Ermənistanın Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsinə qoşulmasını istisna etmir və tranzit sahəsində Yerevanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ-nin yeni dəmir yolu xəttinin açılış mərasimindən sonra bildirib.
Onun sözlərinə görə, Tbilisi regionun nəqliyyat və tranzit funksiyasının inkişafı çərçivəsində Ermənistanla əməkdaşlığa böyük önəm verir.
“Gürcüstanın əlaqələndirici funksiyasının inkişafından danışarkən, Ermənistana xüsusi önəm verilir. Biz erməni dostlarımızla əməkdaşlıq və tərəfdaşlığı, o cümlədən tranzit funksiyasının inkişafı istiqamətində mümkün qədər dərinləşdirməyə hazırıq”, – deyə Kobaxidze qeyd edib.
Ermənistanın Bakı–Tbilisi–Qars layihəsinə mümkün qoşulması ilə bağlı sualı cavablandıran Gürcüstan hökumətinin başçısı bildirib ki, belə bir variant mümkündür.
