“PAŞA Kapital”ın BFB-də ticarət dövriyyəsi 44,7 milyard manatı ötüb

İqtisadiyyat Materials 3 İyun 2026 10:12 (UTC +04:00)
“PAŞA Kapital”ın BFB-də ticarət dövriyyəsi 44,7 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə “PAŞA Kapital”ın Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsi 44,7 milyard manat təşkil edib və bu, bazarın ümumi dövriyyəsinin təxminən 42%-nə bərabər olub.

Trend xəbər verir ki, bunu “PAŞA Kapital”ın Baş direktoru İsi Mustafayev bu gün rəhbərlik etdiyi şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il BFB-yə üzv olan investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsi 105,7 milyard manat təşkil edib. Bunun 81,4 milyard manatı repo əməliyyatlarının, 18,7 milyard manatı dövlət istiqrazlarının, 4,2 milyard manatı Mərkəzi Bankın qiymətli kağızlarının, 1,4 milyard manatı isə korporativ istiqrazların payına düşüb.

İ.Mustafayev bildirib ki, “PAŞA Kapital”ın ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 67% artıb. Belə ki, şirkətin 2024-cü ildəki ticarət dövriyyəsi 26,8 milyard manat olduğu halda, 2025-ci ildə bu göstərici 44,7 milyard manata yüksəlib.

Baş direktor qeyd edib ki, şirkətin 2025-ci ildəki ticarət dövriyyəsinin 30,1 milyard manatı repo əməliyyatları, 12,2 milyard manatı dövlət istiqrazları, 1,7 milyard manatı Mərkəzi Bankın qiymətli kağızları, 0,7 milyard manatı isə korporativ istiqrazlar üzrə formalaşıb.

İ.Mustafayev əlavə edib ki, “PAŞA Kapital” müxtəlif qiymətli kağız növləri üzrə bazar payını artırmağa davam edib. Belə ki, 2025-ci ildə şirkətin repo bazarı üzrə payı 37%, dövlət istiqrazları bazarı üzrə payı 66%, Mərkəzi Bankın qiymətli kağızları üzrə payı 53%, korporativ istiqrazlar bazarı üzrə payı isə 40% təşkil edib.

O vurğulayıb ki, əldə olunan nəticələr şirkətin kapital bazarlarında mövqeyinin daha da gücləndiyini və investor aktivliyinin artdığını göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti