Bakı. Trend
Əmək Məcəlləsinə əsasən bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Məlumata görə, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə
çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni
və fiziki gərginlik tələb edən işçilər 6 təqvim günündən az
olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər. Əlavə məzuniyyət
hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin
siyahısı isə müvafiq qaydada təsdiq edilir.
Əmək stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə əmək
müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən
edilir. Bu staj dövrü 5 ildən 10 ilədək olduqda 2 təqvim günü, 10
ildən 15 ilədək olduqda 4 təqvim günü, 15 ildən çox olduqda 6
təqvim günü əlavə məzuniyyət verilir.
Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ
müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı
olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14
yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan
qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir.
Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa
götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.
