Bakı.Trend:
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernizasiya işləri başa çatdıqdan sonra onun ötürücülük qabiliyyəti illik 1 milyon tondan 5 milyon tona qədər artırılıb ki, bu da Orta Dəhlizin beynəlxalq yük daşımalarında rolunu əhəmiyyətli dərəcədə gücləndirir.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünən modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tam istismara verilməsinə həsr olunmuş rəsmi tədbir keçirilib.
Məmmədov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı bu gün həm regional, həm də qlobal səviyyədə diqqət mərkəzindədir.
O vurğulayıb ki, ölkənin tranzit potensialının daha da artırılmasında Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması mühüm rol oynayır. Bu layihə Azərbaycanın nəqliyyat sisteminin ötürücülük qabiliyyətini bir neçə dəfə artıracaq və yük daşımalarının həcminin yüksəlməsi üçün əlavə imkanlar yaradacaq.
ADY nümayəndəsinin sözlərinə görə, forum çərçivəsində aparılan müzakirələr mövcud infrastrukturun daha səmərəli istifadəsi və nəqliyyat-loqistika sektorunun sürətlə dəyişən beynəlxalq bazar şərtlərinə uyğunlaşdırılması yollarının müəyyənləşdirilməsinə yönəlib.
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.
