Bakı.Trend:
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” adlı beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatılıblar.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarına töhfə verəcək.
"Son beş ay ərzində Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız çərçivəsində Bakı Təşəbbüs Qrupu iki beynəlxalq konfransı uğurla təşkil edib. Konfranslar transmilli repressiyalar, Hindistanda etnik azlıqlara qarşı ayrı-seçkilik, həmçinin insan hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatların yerli xalqların, etnik azlıqların və ümumilikdə insan hüquqlarının qorunmasındakı rolu kimi mühüm mövzulara həsr olunub, - deyə o vurğulayıb.
Böyük Britaniya Siqh Federasiyasının icraçı direktoru Sidu Dabindercit Sinq qeyd edib ki, siqhlər yalnız dini icma deyil, həm də etnik və irqi bir toplumdur.
“Soyqırımı insanlığa qarşı ən ağır cinayət kimi geniş şəkildə qəbul olunur. BMT-nin 1948-ci il Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının 2-ci maddəsinə əsasən, soyqırımın tanınması üçün müəyyən sübut həddi müəyyən edilməlidir. Qorunan qrupu məhv etmək niyyətinin mövcudluğu sübuta yetirilməlidir.
Şübhə yoxdur ki, siqh icması belə qorunan qrupdur. Biz yalnız dini icma deyilik, həm də etnik və irqi bir toplumuq”, – deyə Sidu Dabinderciit Sinq bildirib.
Kanadanın Siqh Federasiyasının sədri Bual Moninder Sinq çıxışda Bakı Təşəbbüs Qrupu ilə sazişin imzalanacağına və gələcək əməkdaşlığa ümid etdiyini deyib.
“Bizim Azərbaycanla dərin əlaqələrimiz var. Əsrlər boyu siqh səyyahları və dini xadimlər bu torpaqlara səfər ediblər. Atəşgahın divarlarında bizim dilimizdə — pəncab dilində yazılar qorunub saxlanılıb. Buna görə də bu ölkə və bu torpaqlarla bizi dərin tarixi münasibətlər bağlayır”, – deyə o bildirib.
Tədbirdə, həmçinin siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak ediblər.
Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Siqh və Dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələləri müzakirə olunub. Eyni zamanda, repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, 1984-cü ilin iyun ayında Amritsar hadisələri zamanı Hindistan tərəfindən siqh icmasına və onların dini-mədəni dəyərlərinə qarşı həyata keçirilmiş silahlı hücumlar, zorakılıq aktları və minlərlə günahsız insanın həlak olması faktlarına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və Hindistan hökumətinin etnik azlıqların hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərinə əməl etməsi məsələləri ətrafında müzakirələr aparılıb.
1984-cü ilin iyun ayının əvvəllərindən etibarən Hindistan hökuməti tərəfindən siqh icmasının müqəddəs dini məkanlarından biri hesab edilən Amritsardakı Harmandir Sahib (Qızıl Məbəd) kompleksinə qarşı həyata keçirilmiş silahlı hücum, icmanın dini-mənəvi dəyərlərinə, ibadət azadlığına və tarixi-mədəni irsinə qarşı yönələn dövlət səviyyəsində təşkil edilmiş zorakılıq aktıdır. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları, müstəqil mənbələr və şahid ifadələri əsasında toplanmış məlumatlara əsasən, silahlı hücum nəticəsində Amritsar və ətraf şəhərlərdə 8 minə qədər mülki şəxsin həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, bu ilin mart ayında Bakı Təşəbbüs Qrupu və “Siqh Federation International” tərəfindən birgə hazırlanmış “Sərhədləri aşaraq: Siqh diasporuna qarşı Hindistanın transmilli repressiyası” adlı hesabatda Hindistan hökumətinin ölkədən kənarda yaşayan diaspor nümayəndələrinə qarşı repressiv siyasəti və 1984-cü il Amritsar hadisələri barədə faktlar öz əksini tapıb.
