Bakı. Trend:
Bakıda keçirilən “TransLogistica Caspian” - 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində "Nəqliyyat, tranzit və logistika" mövzusunda II Xəzər Beynəlxalq Forumu öz işinə başlayıb.
Trend xəbər verir ki, forum çərçivəsində iştirakçılar nəqliyyat-logistika zəncirlərinin rəqəmsallaşdırılması, innovativ həllərin tətbiqi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regionun tranzit potensialının gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Tədbirdə Orta Dəhlizin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, logistikada rəqəmsal platformaların tətbiqi, gömrük və nəqliyyat proseslərinin təkmilləşdirilməsi, eləcə də beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması məsələləri nəzərdən keçirilir.
Forumda dövlət qurumlarının, beynəlxalq nəqliyyat təşkilatlarının, logistika şirkətlərinin və sahə assosiasiyalarının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə və digər ölkələrin nəqliyyat-logistika sektorunun rəhbərləri və ekspertləri çıxış edəcəklər.
Müzakirələrin yekununda nəqliyyat əlaqəliliyinin inkişafına, logistikanın rəqəmsal transformasiyasına və Xəzər regionunun beynəlxalq təchizat zəncirlərində rolunun gücləndirilməsinə yönəlmiş təklif və tövsiyələrin hazırlanacağı gözlənilir.
Xəbər yenilənəcək
