Bakı. Trend:
Azərbaycan enerji sisteminin modernləşdirilməsi məqsədilə 500 milyon dollardan çox vəsait yatırır.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, ölkənin enerji şəbəkəsinin kiçik olması və digər ölkələrin enerji sistemləri ilə məhdud əlaqələri bərpa olunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyası baxımından müəyyən çətinliklər yaradır.
E.Soltanov qeyd edib ki, böyük enerji sistemləri bərpa olunan enerji istehsalında yaranan dəyişkənliyi daha rahat idarə edə bilir, kiçik enerji sistemlərində isə bu proses daha mürəkkəbdir.
Nazir müavini bildirib ki, süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin inkişafı elektrik enerjisinə tələbatı artırır: "Bu isə yeni enerji istehsal güclərinin, o cümlədən bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır".
Bununla yanaşı, məlumat mərkəzlərinin sabit və fasiləsiz enerji təchizatına ehtiyac duyduğunu vurğulayan E.Soltanov bildirib ki, bu, enerji sisteminin idarə olunmasına əlavə tələblər qoyur.
"Hazırda biz enerji şəbəkəmizin modernləşdirilməsinə yarım milyard dollardan çox vəsait yatırırıq ki, 2027-ci ilədək sistemə əlavə olunacaq 2 giqavat gücü qəbul edə bilək. Qarşıdakı çağırışların və imkanların fərqindəyik və süni intellekt texnologiyalarının, eləcə də məlumat mərkəzlərinin Azərbaycana gəlməsini müsbət qiymətləndiririk", - deyə o əlavə edib.
