Bakı.Trend:
Dövlətə xəyanət və qanunsuz odlu silah saxlama ittihamı ilə Siyafət Fərzəliyev barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Fərzəliyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Fərzəliyev xarici xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən maddi maraq müqabilində casusluğa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və dövlət təhlükəsizliyinə zərər vurub. Bundan əlavə, o, qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə edib, daşıyıb və saxlayıb.
O, DTX-nin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz odlu silah və komplekt hissələrini əldə etmə, saxlama və daşıma) və 274-cü (dövlətə xəyanət) maddələri üzrə ittiham verilib.
