Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi çərçivəsində ilk dəfə rəsmi internet saytı vasitəsilə keçirilən onlayn ictimai sorğu başa çatıb.
Bu barədə Ombudsman Aparatının rəsmi saytında məlumat dərc edilib.
Sorğunun nəticələrində əlilliyi olan şəxslərlə bağlı cins, yaş, yaşayış yeri, əlillik səbəbi, təhsil, məşğulluq, ailə vəziyyəti, mənzil şəraiti, ayrı-seçkiliyə məruz qalma halları, ölkədə əlillik siyasətinin qiymətləndirilməsi, hüquqların daha çox pozulduğu sahələr və müraciət edilən qurumlar barədə məlumatlar öz əksini tapıb.
Bildirilib ki, müxtəlif istiqamətləri əhatə edən suallar əlilliyi olan şəxslərin ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və onların üzləşdikləri problemlərin aşkarlanmasına imkan yaradıb.
Qeyd olunub ki, Ombudsmanın müstəqil monitorinq qrupu tərəfindən toplanmış məlumatlar BMT Konvensiyasından irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin bərabərhüquqlu və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində gələcək fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi, eləcə də sübutlara əsaslanan siyasətin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Sorğunun təkliflər bölməsində respondentlər əsasən işlə təminat, mənzil təminatı, əlilliyin müəyyən edilməsi və yenidən qiymətləndirilməsi, əlillik dərəcəsinin verilməsindən imtina halları, maddi təminatın artırılması, müavinət və güzəştlərin genişləndirilməsi, xüsusilə kənd və qəsəbələrdə ictimai infrastrukturun və nəqliyyatın müyəssərliyi, bank və elektron xidmətlərə çıxış, reabilitasiya vasitələri ilə təminat, eləcə də bəzi xəstəliklər üzrə dövlət hesabına dərman təminatı ilə bağlı problemləri qeyd ediblər.
Ombudsman Aparatı bildirib ki, qaldırılan məsələlər ümumiləşdirilərək təhlil ediləcək və nəticələr əsasında Ombudsmanın illik məruzələrində müvafiq tövsiyələr əksini tapacaq. Xüsusi aktuallıq kəsb edən problemlərlə bağlı artıq aidiyyəti dövlət qurumlarına məktublar göndərilib, həmçinin məsul qurumlarla müzakirələrin aparılması üçün görüşlərin keçirilməsi planlaşdırılır.
