Qazaxıstan və Azərbaycan Transxəzər fiber-optik kabel xəttinin dəniz mərhələsini başa çatdırıb

İqtisadiyyat Materials 5 Avqust 2026 16:56 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan Transxəzər fiber-optik kabel xəttinin dəniz mərhələsini başa çatdırıb
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər dənizinin dibi ilə çəkilən, Qazaxıstan və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək Transxəzər fiber-optik kabel xətti layihəsinin həyata keçirilməsində Qazaxıstanda əsas mərhələ başa çatıb.

Bu barədə Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursunun yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, sualtı kabel Qazaxıstan sahillərinə uğurla çatdırılıb və bununla da "Kazakhtelecom" və "AzerTelecom International" şirkətlərinin həyata keçirdiyi layihənin ən mürəkkəb mərhələsi tamamlanıb.

Aktau–Sumqayıt marşrutu üzrə çəkilən yeni rabitə xətti Asiya ilə Avropa arasında məlumatların ötürülməsi üçün birbaşa yüksək sürətli rəqəmsal dəhliz yaradacaq, beynəlxalq telekommunikasiya əlaqələrinin etibarlılığını artıracaq və hər iki ölkənin tranzit potensialını gücləndirəcək.

Dəniz mərhələsinin başa çatması ilə Qazaxıstanın Baş nazirinin müavini – süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiev, "Kazakhtelecom" ASC-nin İdarə Heyətinin sədri Bağdat Musin və "AzerTelecom International" şirkətinin baş icraçı direktoru Ana Nakaşidze tanış olublar.

Layihəyə 2025-ci ildə start verilib. Hazırlıq mərhələsində mütəxəssislər mühəndis-axtarış işləri aparıb, optimal marşrutu müəyyənləşdirib və kabelin sınaqlarını həyata keçiriblər. Dənizdə kabelin çəkilişinə 2026-cı ilin iyul ayında başlanılıb və bu proses yerdəyişməsi 20 min tondan artıq olan ixtisaslaşdırılmış gəmidən istifadə edilməklə sutka ərzində fasiləsiz həyata keçirilib. İşlərə ümumilikdə 70 mütəxəssis cəlb olunub.

"Biz Transxəzər fiber-optik kabel xəttinin tikintisinin ən mürəkkəb mərhələsini – kabelin Xəzər dənizinin dibi ilə çəkilişini başa çatdırdıq. Yeni marşrut Qazaxıstanın qlobal məlumat ötürmə şəbəkələri ilə rəqəmsal bağlantısını gücləndirəcək, süni intellekt, bulud texnologiyaları və müasir məlumat emalı mərkəzlərinin gələcək inkişafı üçün əsas yaradacaq", – deyə Jaslan Madiev bildirib.

Onun sözlərinə görə, rəqəmsal infrastrukturun inkişafı Qazaxıstana Avropa ilə Asiya arasında strateji rəqəmsal körpü mövqeyini daha da möhkəmləndirməyə imkan verəcək.

Bağdat Musin qeyd edib ki, layihə minimal siqnal gecikməsi olan yüksək sürətli rəqəmsal magistralın yaradılmasına imkan verəcək.

"Bu layihə istənilən mürəkkəblik səviyyəsində olan infrastruktur layihələrini rekord qısa müddətdə həyata keçirmək imkanlarımızı təsdiqləyir. Biz siqnalın minimal gecikməsi ilə yüksək sürətli rəqəmsal magistral yaradırıq və bu magistral beynəlxalq trafik üçün etibarlılığın yeni standartlarını müəyyən edəcək", – deyə "Kazakhtelecom"un rəhbəri bildirib.

Hazırda kabelin sahil infrastrukturuna qoşulması işləri davam etdirilir. Yerüstü infrastrukturun tikintisinin başa çatdırılması, sazlama işləri və sistemin sınaqlarının 2026-cı ilin payızında tamamlanması planlaşdırılır.

Magistral xəttin tikintisi və sonrakı istismarına görə "Kazakhtelecom" ASC və "AzerTelecom International" şirkətlərinin birgə müəssisəsi olan "CaspiLink B.V." cavabdehlik daşıyır. Layihə dövlət büdcəsindən maliyyə cəlb edilmədən, operatorların öz vəsaiti hesabına həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti