Bakı.Trend:
Pakistan İslamabadın Cammu və Kəşmir məsələsindəki mövqeyinə göstərdiyi ardıcıl dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Bakıda Pakistan səfirliyində Cammu və Kəşmir xalqı ilə həmrəylik məqsədilə keçirilən İstismar Günü (Youm-e-Istehsal) münasibətilə təşkil olunmuş tədbirdə deyib.
Tədbirdə çıxış edən Mohiuddin Azərbaycanın Kəşmir məsələsində Pakistanın mövqeyinə göstərdiyi, onun sözləri ilə desək, "prinsipial dəstəyə" görə təşəkkürünü bildirib.
"Pakistan hökuməti, mən şəxsən və hər bir pakistanlı Azərbaycanın bütün beynəlxalq platformalarda, eləcə də ikitərəfli münasibətlər çərçivəsində, BMT-də və İslam Əməkdaşlıq Təşkilatında bizə göstərdiyi dəyişməz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Biz Hindistanın Cammu və Kəşmir ərazilərini qanunsuz işğalına son qoyulmasına çağıran bu prinsipial mövqeyi yüksək qiymətləndiririk. Buna görə səmimi qəlbdən təşəkkür edirik", - deyə səfir bildirib.
Diplomatın sözlərinə görə, Pakistan Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir (IIOJK) sakinlərinə diplomatik və mənəvi dəstəyini davam etdirəcək. O, həmçinin beynəlxalq ictimaiyyəti münaqişənin humanitar aspektinə daha çox diqqət yetirməyə çağırıb.
"Bu, təkcə siyasi məsələ deyil, həm də humanitar məsələdir. Söhbət insanların həyatından və onların ləyaqətindən gedir", - deyə o bildirib və KİV nümayəndələrini bölgədəki vəziyyəti daha geniş işıqlandırmağa çağırıb.
Bundan əvvəl tədbirdə Pakistanın Cammu və Kəşmir xalqının öz müqəddəratını təyin etmək hüququna dəstəyini bir daha təsdiqlədiyi və beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT-ni münaqişənin sülh yolu ilə həllinə yardım göstərməyə çağırdığı bəyanat səsləndirilib.
Tədbirdə diplomatik korpusun, dövlət qurumlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
