Bakı. Trend:
Dövlət qulluğuna qəbul imtahanları üzrə proqram yenilənib.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, 2026-cı il avqustun 4-də Dövlət İmtahan Mərkəzində “İnformatika” fənni üzrə işçi qrupun növbəti iclası keçirilib. İclas çərçivəsində dövlət qulluğuna, magistraturaya qəbul və ali təhsil pilləsi üzrə digər təyinatlı imtahanlarda tətbiq edilən “İnformatika” və “İnformasiya texnologiyaları” fənləri üzrə imtahan proqramlarının məzmunu təhlil olunub. Ekspertlərin müvafiq proqramların optimallaşdırılması, eləcə də “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “İnformatika” dərs vəsaitinin yeni, təkmilləşdirilmiş nəşrinə daxil edilməsi nəzərdə tutulan düzəliş və əlavələrə dair təklifləri dinlənilib.
İclasda "Microsoft Excel" proqram təminatının bəzi funksiyalarının praktik tətbiq imkanları nəzərə alınaraq, həmin mövzuların imtahan proqramına və tapşırıqların məzmununa inteqrasiya olunmasının zəruriliyi vurğulanıb. İmtahanlara hazırlaşan namizədlərə metodiki dəstək məqsədilə sözügedən mövzular üzrə nəzəri izahları və praktik nümunələri əks etdirən metodiki material hazırlanıb.
Metodik materialla burada tanış olmaq mümkündür:
Müzakirə olunan təkliflər nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanının “İnformasiya texnologiyaları” fənni üzrə proqramı yenilənib. Yenilənmiş proqram 2026-cı ilin sentyabr ayından etibarən qüvvəyə minəcək. Bu səbəbdən imtahana hazırlaşan namizədlərə hazırlıq prosesini yeni proqrama uyğun şəkildə davam etdirmələri tövsiyə olunur.
Yenilənmiş proqramla tanış olmaq üçün buraya daxil olun.
