Bakı.Trend:
Okean-atmosfer hadisəsi olan və qlobal iqlimə təsir göstərən El-Nino effektinin fəsadları yaxın iki il ərzində dünyada aclıqdan əziyyət çəkən insanların sayını təxminən 50 milyon nəfər artıra bilər.
Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) yaydığı bəyanatda bildirilir.
Qeyd olunub ki, WFP mümkün risklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə hazırlaşır.
Bəyanata əsasən, 2015–2016-cı illərdə müşahidə olunan El-Nino fenomeni 60–100 milyon insanın ərzaq təhlükəsizliyinə mənfi təsir göstərib. WFP-nin ilkin təhlilinə görə, 2026–2027-ci illərdə bu hadisənin nəticələri dövrün sonunadək aclıq çəkən insanların sayını ən azı 49 milyon nəfər artıra bilər.
"45 ölkəni əhatə edən təhlildə artıq ərzaq çatışmazlığından əziyyət çəkən dövlətlər nəzərdən keçirilib. El-Nino bu ölkələrdə yağıntıların xarakterinə, temperatur göstəricilərinə, həmçinin daşqın və quraqlıqların başvermə ehtimalına ciddi təsir göstərəcək. Bu ölkələrdə kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların (ailələrinin gündəlik ərzaq tələbatını ödəyə bilməyənlər) ümumi sayı təxminən 225 milyondan 274 milyona yüksələcək. Bu isə təxminən 22 faiz artım deməkdir. Ən ciddi təsirlərin Mərkəzi Amerikanın və Cənubi Afrikanın bəzi hissələrində müşahidə olunacağı gözlənilir. Şərqi Afrika, Cənubi və Cənub-Şərqi Asiyada da əhəmiyyətli nəticələr proqnozlaşdırılır", – deyə təşkilatın bəyanatında qeyd olunub.
