Uşaqların rəqəmsal mühitdə müdafiəsi: Sosial şəbəkələrdə yaş məhdudiyyəti niyə vacibdir?

Cəmiyyət Materials 5 Avqust 2026 17:33 (UTC +04:00)
Uşaqların rəqəmsal mühitdə müdafiəsi: Sosial şəbəkələrdə yaş məhdudiyyəti niyə vacibdir?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal texnologiyaların sürətli inkişafı sosial şəbəkələri gündəlik həyatın ayrılmaz hissəsinə çevirib. Bu platformalar ünsiyyət, təhsil və informasiya mübadiləsi üçün geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar üçün psixoloji təsirlər, zərərli məzmun, kiber təzyiq, şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal asılılıq kimi ciddi risklər də yaradır. Məhz buna görə son illərdə dünyanın bir çox ölkəsində uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Azərbaycanda da bu istiqamətdə mühüm hüquqi addım atılıb. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş arasında olan yeniyetmələr isə sosial şəbəkələrdə yalnız valideyn və ya qanuni nümayəndənin razılığı və nəzarəti ilə qeydiyyatdan keçə, hesabdan istifadə edə və məzmun paylaşa biləcəklər.

Bu dəyişikliklərin məqsədi sosial şəbəkələrə qadağa tətbiq etmək deyil. Əsas məqsəd qeydiyyat zamanı yaşın etibarlı şəkildə yoxlanılması mexanizmini tətbiq etmək və uşaqları rəqəmsal mühitdə qarşılaşa biləcəkləri zərərli təsirlərdən qorumaqdır. Bu yanaşma uşaqların fiziki və psixoloji sağlamlığının, davranışının, dünyagörüşünün və sosial inkişafının qorunmasına xidmət edir. Mütəxəssislərin fikrincə, uşaqların yetkinlik yaşına qədər sosial medianın mənfi təsirlərindən mümkün qədər uzaq saxlanılması onların daha sağlam inkişafına və rəqəmsal mühitə daha hazırlıqlı daxil olmasına şərait yaradır.

Yaş məhdudiyyəti uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların müdafiəsinə yönəlmiş hüquqi mexanizmdir. Bu gün qanunvericilikdə azyaşlılara alkoqollu içkilərin, tütün məmulatlarının və soyuq silahların satışı qadağandır, pornoqrafik məzmuna çıxış isə məhdudlaşdırılır. Bütün bu tədbirlər uşaqların sağlamlığını və rifahını qorumağa xidmət edir.

Azərbaycanda bu istiqamətdə hüquqi baza artıq mövcuddur. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsini və onların zərərli informasiyadan qorunması mexanizmlərini müəyyən edib. Hazırkı dəyişikliklər isə həmin hüquqi çərçivənin rəqəmsal platformalarda davamı hesab olunur.

Dünya təcrübəsi də göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq qlobal prioritetə çevrilib. Bir çox ölkələrdə sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətləri tətbiq edilir və ya bu istiqamətdə qanunvericilik təşəbbüsləri hazırlanır. Avstraliya bu sahədə qanun qəbul edən ilk ölkələrdən biri olub. Fransa isə 2026-cı ildə Avropada uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edən ilk dövlətə çevrilib. Danimarka, İspaniya, Almaniya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya, Hindistan, eləcə də qonşu Qazaxıstan və Özbəkistanda da analoji hüquqi mexanizmlərin tətbiqi istiqamətində işlər aparılır. ABŞ-də isə həm federal, həm də ayrı-ayrı ştatlar səviyyəsində müxtəlif yaş hədlərini nəzərdə tutan qanunvericilik təşəbbüsləri mövcuddur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova da mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, qəbul edilən qərarın əsas üstünlüyü sosial şəbəkələri qadağan etmək deyil, uşaqlar və yeniyetmələr üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır.

Onun fikrincə, bu gün sosial şəbəkələrdə zorakılıq, kiber təzyiq, narkotik və digər zərərli vərdişlərin təbliği, aqressiv davranış modelləri, manipulyativ məzmunlar azyaşlıların psixoloji inkişafına ciddi təsir göstərir. Yaş məhdudiyyəti məhz bu risklərin qarşısının alınmasına xidmət edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, sosial şəbəkələrdə fərdi hesab açmaq üçün minimum yaş həddi 16 yaş müəyyən edilir. 16-18 yaşlı istifadəçilər isə yalnız valideyn və ya qanuni nümayəndənin razılığı və nəzarəti ilə hesab yarada, ondan istifadə edə və paylaşım edə biləcəklər.

Bununla yanaşı, platforma provayderləri istifadəçilərin yaşını texniki üsullarla yoxlamalı, yaşla bağlı əsaslı şübhə yarandıqda təkrar təsdiqləmə aparmalı, həmçinin valideynlərə övladlarının baxdığı məzmuna, reklamlara və platformadan istifadə vaxtına nəzarət etmək imkanı verən funksiyalar təqdim etməlidirlər.

Qanunun dərhal deyil, 12 aydan sonra qüvvəyə minməsi də prosesin mərhələli şəkildə həyata keçiriləcəyini göstərir. Bu müddətdə yaş yoxlamasının tətbiq ediləcəyi sosial şəbəkə platformalarının siyahısı müəyyənləşdiriləcək, texniki həllər hazırlanacaq və geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək. Beləliklə, həm platformaların, həm də istifadəçilərin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxt yaradılacaq.

Uşaqların rəqəmsal təhlükəsizliyi yalnız ailənin deyil, dövlətin, məktəbin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Gənclərin zərərli vərdişlərdən uzaqlaşması üçün hüquqi mexanizmlər, media savadlılığı və valideyn nəzarəti bir-birini tamamlamalıdır. Bu dəyişiklik isə texnologiyaya məhdudiyyət qoymaq deyil, onun təhlükəsiz və məsuliyyətli istifadəsini təmin etmək məqsədi daşıyır. Sağlam rəqəmsal mühitin formalaşdırılması uşaqların mənəvi, psixoloji və intellektual inkişafının qorunmasına, gələcəkdə daha sağlam düşüncəli, rəqəmsal savadlı və məsuliyyətli nəslin yetişməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti