Ermənistanın hərbi paradındakı İran izi: Tehranın Cənubi Qafqaz siyasətinin mahiyyəti - Şərh

Siyasət Materials 2 İyun 2026 18:02 (UTC +04:00)
Ermənistanın hərbi paradındakı İran izi: Tehranın Cənubi Qafqaz siyasətinin mahiyyəti - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda Ermənistanın Respublika Günü münasibətilə keçirilən son hərbi parad yalnız hərbi texnikanın nümayişi ilə yadda qalmadı. Parad zamanı ilk dəfə İran istehsalı olan AD-08 “Majid” hava hücumundan müdafiə sisteminin nümayiş etdirilməsi regionda baş verən geosiyasi proseslər baxımından ciddi mesaj kimi qiymətləndirilməlidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, bu fakt bir daha göstərdi ki, İran-Ermənistan hərbi əməkdaşlığı artıq gizlədilməyən və açıq şəkildə nümayiş etdirilən mərhələyə keçib:

“Əslində, İranın Ermənistanı hərbi baxımdan dəstəkləməsi yeni hadisə deyil. Qarabağın işğal altında olduğu dövrdə də Tehran İrəvanla və separatçı rejimlə sıx iqtisadi münasibətlər saxlayıb, işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətlərə göz yumub. Azərbaycanın təbii sərvətlərinin talan edilərək İran bazarlarında satılması, işğal altındakı ərazilərə müxtəlif təchizatların daşınması ilə bağlı faktlar uzun illər beynəlxalq mediada və ekspert dairələrində müzakirə olunub”.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı baş verənlər isə İranın mövqeyini daha aydın göstərdi:

“Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın etiraf etdiyi kimi, həmin dövrdə Ermənistana silah daşınması üçün hava məkanını açan yeganə ölkə İran olub. Bu addım faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirdiyi əməliyyatlara qarşı dolayısı dəstək kimi qiymətləndirilə bilər. Müharibədən sonrakı mərhələdə də bu siyasət dəyişməyib.

2024-cü ildə İran və Ermənistan arasında yarım milyard dollar həcmində olduğu bildirilən gizli hərbi razılaşma barədə yayılan məlumatlar da təsadüfi hesab edilə bilməz. Dronların, hava hücumundan müdafiə vasitələrinin tədarükü, hərbi təlimlərin keçirilməsi, kəşfiyyat əməkdaşlığının genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq barədə xəbərlər bu gün artıq konkret nəticələr verməyə başlayıb. İrəvan paradında nümayiş etdirilən İran silahları da həmin proseslərin vizual təsdiqi kimi görünür”.

V.Qafarov əlavə edib ki, bütün bunların fonunda diqqət çəkən məqamlardan biri Azərbaycanın İrana münasibətdə nümayiş etdirdiyi yanaşmadır:

“İran dəfələrlə Ermənistana siyasi və hərbi dəstək verdiyi halda, Azərbaycan müxtəlif dövrlərdə, o cümlədən İranın çətin vəziyyətlə üzləşdiyi məqamlarda humanitar yardım göstərib, logistika və tranzit imkanlarını təqdim edib, qonşuluq münasibətlərinə uyğun davranış sərgiləyib. Lakin qarşı tərəfdən eyni yanaşmanın şahidi olmamışıq”.

Parlamentari qeyd edib ki, İran hakimiyyətinin Azərbaycanın güclənməsinə, xüsusilə regionun nəqliyyat xəritəsini dəyişə biləcək layihələrə ehtiyatla yanaşdığı sirr deyil:

“Zəngəzur dəhlizinin açılması perspektivi Tehranda uzun müddətdir narahatlıqla qarşılanır. Məhz bu səbəbdən Ermənistan İran üçün sadəcə qonşu dövlət deyil, həm də Cənubi Qafqazda geosiyasi balansı öz maraqlarına uyğun saxlamaq vasitəsi kimi qiymətləndirilir. Ermənistanın silahlandırılması və siyasi baxımdan dəstəklənməsi də bu strategiyanın tərkib hissəsi kimi görünür.

Bu gün regionda sülh və əməkdaşlıq imkanlarının formalaşdığı bir dövrdə bəzi qüvvələrin köhnə qarşıdurma siyasətini davam etdirməsi nə Ermənistanın, nə də bütövlükdə Cənubi Qafqazın maraqlarına xidmət edir. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: regionun gələcəyi hərbi bloklaşmada deyil, qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıqdadır. Lakin eyni zamanda, ölkəmiz öz təhlükəsizliyinə qarşı yönələn istənilən addımı diqqətlə izləyir və milli maraqlarını qorumaq üçün bütün zəruri imkanlara malikdir”, - deyə o fikrini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti