Bakı.Trend:
Dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərən El Nino hadisəsinin bu il iqlimə, kənd təsərrüfatına və turizm sektoruna təsirləri ilə bağlı müzakirələr davam edir. Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin normadan daha çox isinməsi nəticəsində yaranan və adətən hər 2–7 ildən bir təkrarlanan bu təbii iqlim hadisəsi qlobal hava axınlarında dəyişikliklərə səbəb olur.
Turizm eksperti Əziz Şiriyev Trend-ə açıqlamasında bildirib ki, El Nino hadisəsi yay aylarında temperaturun daha yüksək keçməsi, isti günlərin sayının artması və bəzi hallarda yağıntı rejiminin dəyişməsi ilə müşayiət oluna bilər.
Onun sözlərinə görə, qlobal istiləşmə fonunda insanlar daha çox günəşli və isti hava şəraitində səyahət etməyə üstünlük verirlər. Xüsusilə yay mövsümündə dənizkənarı istirahətə maraq artır və turistlər daha çox çimərlik turizminə yönəlirlər.
Ekspert hesab edir ki, havaların daha isti keçməsi Azərbaycanda çimərlik turizminin inkişafına müsbət təsir göstərə bilər:
“Son illərdə Azərbaycanda çimərlik turizmi dinamik inkişaf edir. Xəzər sahilində fəaliyyət göstərən hotellər, istirahət mərkəzləri və turizm obyektləri hər il daha çox turist qəbul edir. Əgər yay mövsümü sabit, günəşli və yağıntısız keçərsə, bu, çimərliklərə gələn turistlərin sayının artmasına səbəb ola bilər”.
Ə.Şiriyev qeyd edib ki, turistlər adətən yağışlı və qeyri-sabit hava şəraitində səyahət etməyə daha az maraq göstərirlər. Bu baxımdan əlverişli hava şəraiti turizm axınının artmasına müsbət təsir edə bilər.
Bununla yanaşı, ekspert həddindən artıq istilərin müəyyən risklər də yaratdığını vurğulayıb. Onun fikrincə, temperaturun normadan xeyli yüksək olması açıq havada keçirilən tədbirlərin, ekskursiyaların və aktiv turizm növlərinin populyarlığını azalda bilər. Belə hallarda turistlər daha çox hotellərdə, kurortlarda və çimərlik ərazilərində vaxt keçirməyə üstünlük verirlər:
“Turizmdə ən vacib amillərdən biri təhlükəsizlik və rahatlıqdır. İstirahət mərkəzlərində havalandırma sistemləri, kondisionerlər, kölgələndirmə infrastrukturu, içməli su təminatı və tibbi xidmət imkanları daim nəzarətdə saxlanılmalıdır. Turizm obyektlərinin texniki vəziyyətinin mütəmadi yoxlanılması yay mövsümündə xüsusi əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.
Turizm eksperti Ceyhun Aşurov da hesab edir ki, El Nino hadisəsinin Azərbaycana təsiri daha çox qlobal iqlim dəyişiklikləri vasitəsilə hiss oluna bilər.
Onun sözlərinə görə, bu hadisə nəticəsində dünyanın bəzi regionlarında quraqlıq, digər bölgələrində isə intensiv yağıntılar, daşqınlar və sel hadisələri müşahidə olunur.
“El Nino hadisəsinin Azərbaycana birbaşa təsiri məhdud olsa da, qlobal miqyasda hava və iqlim şəraitində müəyyən dəyişikliklərə səbəb ola bilir. Bu kimi dəyişikliklər dünya üzrə turizm sektoruna da təsirsiz ötüşmür”, – deyə ekspert bildirib.
C.Aşurovun fikrincə, yay aylarında havaların daha isti keçməsi insanların açıq hava istirahətinə marağını artırır. Bu proses yalnız çimərlik turizminə deyil, həm də təbiət və kənd turizmi istiqamətlərinə müsbət təsir göstərə bilər.
“Temperaturun yüksəlməsi insanların milli parklara, meşələrə və müxtəlif istirahət zonalarına səfərlərini artırır. Eyni zamanda, isti hava çimərlik turizminin inkişafı üçün də əlverişli şərait yaradır və dənizkənarı istirahət məkanlarına tələbatı yüksəldir. Əlverişli hava şəraiti dağ turizmi, ekoturizm və kənd turizmi marşrutlarının daha aktiv istifadə olunmasına şərait yaradır. Bu isə regionlarda turizm fəaliyyətinin genişlənməsinə, xidmət sektorunun inkişafına və yerli iqtisadiyyatın canlanmasına töhfə verir".
Bununla belə, C.Aşurov iqlim dəyişikliklərinin yalnız imkanlar deyil, həm də yeni çağırışlar yaratdığını bildirib.
“Dünyada ekoloji tarazlığın pozulması müxtəlif iqtisadi sahələr kimi turizm sektoru üçün də həm yeni imkanlar, həm də risklər formalaşdırır. Buna görə də turizm sənayesində fəaliyyət göstərən şirkətlər və sahibkarlar biznes modellərini dəyişən iqlim şəraitinə uyğunlaşdırmalı, ekoloji amilləri strateji planlaşdırmanın əsas istiqamətlərindən biri kimi nəzərə almalıdırlar”, – deyə ekspert vurğulayıb.
