Bakı. Trend:
1984-cü ildə Amritsarda baş vermiş faciəli hadisələr, üzərindən düz 42 il keçməsinə baxmayaraq, yalnız bir xalqın tarixinin bir hissəsi deyil. Bu hadisələr həm də beynəlxalq hüquq, insan hüquqları, etnik və dini azlıqların müdafiəsi kontekstində qlobal müzakirə mövzusudur.
Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov BDU-da keçirilən “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Bu hadisələr bizə xatırladır ki, ədalət və tanınma tələbi milli sərhədləri aşır və bütövlükdə bəşəriyyətin vicdanına müraciət edir”, - deyə o vurğulayıb.
Prorektorun sözlərinə görə, Bakı Dövlət Universiteti hesab edir ki, ali təhsil müəssisələrinin missiyası yalnız bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmır:
“Bu missiya eyni zamanda sülhün möhkəmləndirilməsinə, mədəni kimliyin qorunmasına və insan hüquqlarının müdafiəsinə töhfə verməyi də əhatə edir”.
Ş.Pənahov əlavə edib ki, bu konfransın universitetin akt zalında, tələbələrin iştirakı ilə keçirilməsi gənc nəsil üçün yaxın tarixdən mühüm bir dərs olacaq.
“Bu gün burada toplaşan alimlər, diaspora nümayəndələri, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının fəalları, eləcə də ictimai xadimlər yalnız keçmişin ağrılarını deyil, gələcəyə dair ümidləri də bölüşən müzakirələr aparacaqlar. Əminik ki, bu dialoq beynəlxalq təşkilatların və parlamentlərin diqqətini daha da artıracaq, azlıqların hüquqlarının müdafiəsi istiqamətində yeni təşəbbüslərə yol açacaq. Heç bir şübhəmiz yoxdur ki, bu konfrans təkcə akademik fikir mübadiləsi deyil, həm də ədalət və sülh naminə kollektiv iradənin nümayişi olacaq”, - deyə o qeyd edib.
