“PAŞA Kapital”ın gəlirləri 10 milyon manata yaxınlaşıb

Maliyyə Materials 3 İyun 2026 10:21 (UTC +04:00)
“PAŞA Kapital”ın gəlirləri 10 milyon manata yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“PAŞA Kapital”ın 2025-ci ildə gəlirləri 9,9 milyon manata yüksəlib, aktiv bazası genişlənib, öhdəlikləri isə azalıb.

Trend xəbər verir ki, bunu “PAŞA Kapital”ın İdarə Heyətinin üzvü Elnur Fətullayev bu gün şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkətin gəlirləri 2024-cü illə müqayisədə 18% artaraq 8,4 milyon manatdan 9,9 milyon manata çatıb. Gəlirlərin əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edib. Bu istiqamətdə əldə olunan gəlir 2025-ci ildə 6,3 milyon manat olub. Bundan əlavə, şirkət 2,4 milyon manat həcmində xalis faiz gəliri əldə edib.

E.Fətullayev bildirib ki, haqq və komissiya gəlirlərinin strukturunda broker xidmətləri üstünlük təşkil edib. Belə ki, bu seqment ümumi gəlirlərin 69,7%-ni formalaşdırıb. Anderaytinq xidmətlərinin payı 28,8%, digər əməliyyatların payı isə 1,5% olub.

İdarə Heyətinin üzvü qeyd edib ki, şirkətin xalis mənfəəti də artım nümayiş etdirib. 2024-cü ildə 2,2 milyon manat olan xalis mənfəət 2025-ci ildə 2,5 milyon manata yüksəlib ki, bu da illik müqayisədə 13%-lik artım deməkdir.

Onun sözlərinə görə, “PAŞA Kapital”ın maliyyə vəziyyətində də müsbət dinamika qeydə alınıb. Şirkətin aktivləri 56,1 milyon manatdan 64,8 milyon manata yüksəlib. Eyni zamanda, öhdəliklər 47,6 milyon manatdan 46,1 milyon manata enib. Kapital isə 16,5 milyon manatdan 18,7 milyon manata çatıb.

E.Fətullayev əlavə edib ki, 2025-ci ildə şirkətin xalis mənfəət marjası 25,3%, kapitalın rentabelliyi (ROE) isə 14,5% təşkil edib.

O vurğulayıb ki, açıqlanan göstəricilər “PAŞA Kapital”ın dayanıqlı inkişafını, maliyyə dayanıqlığının gücləndiyini və kapital bazarında mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti