Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb (FOTO)

Cəmiyyət Materials 2 İyun 2026 19:50 (UTC +04:00)
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 2-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı başlayıb.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Təqsirləndirilən şəxslər tərcüməçilərə, məhkəmə kollegiyasına, müdafiəçilərə, dövlət ittihamını müdafiə edən prokurorlara, həmçinin nümayəndələrə etiraz etmədiklərini bildiriblər.

Təqsirləndirilən şəxslərə cinayət-prosessual qanunvericilikdə müəyyən edilən tutulmuş hüquq və vəzifələri təkrarən izah olunub. David Babayan özü tərəfindən, digər təqsirləndirilən şəxslər isə müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə etdiklərini deyiblər.

Sədrlik edən şikayətlər üzrə təqsirləndirilən şəxslərin mövqelərini öyrəndikdən sonra qaldırılan vəsatətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti mərhələdə müzakirə ediləcəyini bildirib.

Təqsirləndirilən şəxslər apellyasiya şikayəti üzrə bəzi dəqiqləşdirmələrin aparılması, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatından nümayəndənin məhkəmə iclasında iştirak etməsi, şahidlərin dindirilməsi və digər məsələlər barədə müvafiq vəsatətlər veriblər.

Dövlət ittihamını müdafiə edən prokuror Sevinc Qasımova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, Ombudsman Aparatının nümayəndəsi hazırkı məhkəmə prosesində proses tərəfi deyil. Həmin qurumun nümayəndəsi ictimai əsaslarla açıq məhkəmə iclasında iştirak edə bilər. Qanunvericiliyə əsasən ombudsman və ya Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin saxlanılma şəraiti, eyni zamanda, digər hallarla bağlı yerində tanış ola və preventiv tədbirlər görə bilərlər.

Həmçinin qeyd olunub ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı kifayət qədər şahid dindirilib və onlar əvvəlki ifadələrini yenidən təsdiqləyiblər. Qanunvericiliyə əsasən, birinci instansiyada təqdim edilməmiş yeni sübutların apellyasiya mərhələsində qəbul olunması üçün əvvəllər təqdim edilə bilməmə səbəblərinin əsaslandırılmalı olduğu xatırladılıb.

Qeyd olunub ki, yeni şahidlərin dindirilməsi barədə vəsatət verilərkən həmin şəxslərin konkret anket məlumatları təqdim edilməli olduğu halda, müdafiə tərəfi bu məlumatları göstərə bilməyib.

Bundan başqa, ittiham tərəfi vurğulayıb ki, sübutların lüzumsuz toplanılması məhkəmə prosesinin uzadılmasına və süründürməçiliyə gətirib çıxarmamalıdır.

Bu səbəblərdən dövlət ittihamını müdafiə edən prokuror prosesin lüzumsuz yerə uzanmaması üçün verilən vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxslərin nümayəndələri də dövlət ittihamını müdafiə edən prokurorun mövqeyi ilə razı olduqlarını bildiriblər.

Məhkəmə iclasında, həmçinin vurğulanıb ki, vəsatətlərdən biri də iclas protokolları və iş materialları ilə elektron qaydada tanış olmaqla bağlı idi. Burada heç bir məhdudiyyət yoxdur və istənilən proses iştirakçısı müraciət edərək sənədlərlə tanış ola bilər.

Daha sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və müdafiə tərəfinin vəsatətlərinin qismən təmin edildiyi bildirilib.

Apellyasiya baxışı iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti