"AZEL Systems" Azərbaycanda dünya səviyyəli rəqəmsal texnologiyalar tətbiq edir (ÖZƏL)

İqtisadiyyat Materials 2 İyun 2026 19:29 (UTC +04:00)
"AZEL Systems" Azərbaycanda dünya səviyyəli rəqəmsal texnologiyalar tətbiq edir (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

"AZEL Systems" şirkətinin Azərbaycanın sənaye və təhsil qurumları üçün həyata keçirdiyi rəqəmsallaşdırma layihələri artıq dünyanın qabaqcıl texnoloji standartları səviyyəsində tətbiq edilir və sənaye İT sahəsində beynəlxalq nüfuz qazanır.

Trend xəbər verir ki, bunu "AZEL Systems" şirkətinin baş direktoru İqor Yakovenko Bakıda keçirilən 31-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi çərçivəsində bildirib.

O qeyd edib ki, şirkət imzalanmış məxfilik sazişləri (NDA) ilə əlaqədar yaxın gələcək planlarını hələlik açıqlaya bilmir. Bununla belə, həyata keçirilmiş layihələr və fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib.

“AZEL Systems aparıcı sistem inteqratorlarından biridir. Şirkət 2013-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətimiz sistem inteqrasiyası və Ansys, part of Synopsys kimi dünya liderlərinin yüksək səviyyəli proqram təminatlarının təchizatıdır”, – deyə o bildirib.

Yakovenkonun sözlərinə görə, şirkət Ansys, part of Synopsys ilə fəal əməkdaşlıq edir və Bakı Enerji Həftəsi də daxil olmaqla müxtəlif sahə tədbirlərində iştirak edir. Bu tərəfdaşlıq çərçivəsində artıq AZAL-ın Azərbaycan Aviasiya Akademiyası üçün layihə həyata keçirilib və burada elmi-texniki və tədris məqsədləri üçün Ansys-in mühəndis proqram həlli (Ansys Academic Multiphysics Campus Solution) tətbiq olunub. Layihə 2025-ci ilin noyabrında tamamlanıb və hazırda aerodinamika və fiziki modelləşdirmə sahəsində hesablamalar üçün tələbə və müəllimlər tərəfindən istifadə edilir.

“Biz Azərbaycan Aviasiya Akademiyasına elmi-texniki fəaliyyət və tədris məqsədləri üçün Ansys həllini təqdim etmişik. Bu gün tələbələr və müəllimlər mühəndislik və aerodinamik hesablamalar üçün ən müasir texnologiyalarla işləmək imkanına malikdirlər”, – deyə o vurğulayıb.

Şirkətin fəaliyyətinin ayrıca istiqamətlərindən biri də neft-qaz sektorunda həyata keçirilən layihələrlə bağlıdır. Yakovenko bildirib ki, "AZEL Systems" yarandığı gündən etibarən SOCAR ilə əməkdaşlıq edir və normativ-məlumat sistemləri, mühəndis sənədlərinin idarə olunması və rəqəmsal məlumat modelləri (rəqəmsal əkizlər) sahələrində layihələr reallaşdırır.

Xüsusilə, o, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması çərçivəsində sənədlərin rəqəmsallaşdırılması ilə bağlı "SOCAR Downstream"də "Hexagon SDx" proqram təminatının tətbiqi layihəsindən bəhs edib.

“Xüsusi model yaradıldı və "Hexagon" şirkətinin, hazırda isə "Octave" şirkətinin aparıcı beynəlxalq mütəxəssisləri ilə birlikdə layihə 2023–2024-cü illərdə uğurla başa çatdırıldı. Hazırda SDx sistemi istismardadır”, – deyə Yakovenko bildirib.

O, həmçinin "SOCAR Carbamide" zavodunda həyata keçirilən analoji SDx layihəsinin inkişafından danışaraq qeyd edib ki, bu layihə beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Onun sözlərinə görə, məhz bu layihə "SOCAR Carbamide" şirkətinin Dünya İqtisadi Forumunda (Davos) "Digital Lighthouse Award" mükafatına layiq görülməsinə səbəb olan beş əsas layihədən biri olub. Layihə “yaşıl keçid” çərçivəsində rəqəmsallaşdırma və qabaqcıl texnologiyaların tətbiqinin ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilib.

“Bu mükafatlar ən yaxşı layihələri seçən müstəqil münsiflər heyəti tərəfindən təqdim edilir. Azərbaycanın həyata keçirdiyi həllərin beynəlxalq səviyyədə tanınması bizim üçün böyük əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Yakovenko əlavə edib ki, şirkət öz fəaliyyətini yalnız texnoloji həllərin tətbiqi kimi deyil, həm də ölkənin beynəlxalq imicinə töhfə kimi qiymətləndirir.

“Layihələrimizin Azərbaycanı beynəlxalq arenada tanıtması və xaricdə yüksək qiymətləndirilməsi ilə fəxr edirik”, – deyə o, fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti