Bakı. Trend:
1984-cü ildə baş verən Amritsar hadisələri Hindistanda etnik azlıqlara qarşı mövcud olan real münasibəti və yanaşmanı əks etdirirdi və Hindistanda etnik azlıqlara qarşı həyata keçirilən repressiya, diskriminasiya siyasətinin tarixində dönüş nöqtəsi oldu.
Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Dövlət Universitetində keçirilən “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
İcraçı direktorun sözlərinə görə, bu hadisələrdən sonra, təəssüf ki, siqh icmasının təxminən 5 milyon üzvü ölkəni tərk etməyə məcbur qaldı. Onlar ABŞ, Böyük Britaniya və Kanadada böyük diaspor təşkilatları yaradaraq öz legitim mübarizələrinə başladılar:
“Daha sonra repressiya və diskriminasiya siyasəti Hindistan hökuməti tərəfindən ölkə hüdudlarından kənarda da tətbiq olunmağa başladı. Təəssüf ki, onlar masa arxasında dialoq və danışıqlar yolu əvəzinə siqh icmasına qarşı transmilli repressiya siyasətinə üstünlük verdilər. Sonrakı mərhələdə isə bu yanaşma digər etnik azlıqlara və aşağı kastalara mənsub insanlara da şamil edilməyə başladı”.
A.Abbasov əlavə edib ki, yeni imzalanacaq Memorandum Siqh Beynəlxalq Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında akademik müstəvidə qurulacaq münasibətləri tənzimləyəcək.
“Etnik azlıqların hüquqlarının qorunması istiqamətində əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmamalıdır. Bu əməkdaşlıq elm, təhsil və akademik fəaliyyətlər sahəsində də inkişaf etdirilməlidir. Məhz buna görə də akademik müstəvidə həyata keçirəcəyimiz fəaliyyətləri bu memorandum vasitəsilə daha da möhkəmləndirəcəyik”.
A.Abbasov xatırladıb ki, 2026-cı ildən isə dalit icması ilə ilkin təmaslar qurulub və ilk müzakirələr aparılıb.
“Növbəti aylarda dalit icması ilə həyata keçirəcəyimiz birgə layihələri ictimaiyyətə təqdim edəcəyik. Dalitlər də etnik və sosial baxımdan ayrı-seçkiliyə məruz qalan bir qrupdur. Təəssüf ki, onlar uzun illərdir repressiya və diskriminasiya ilə üzləşirlər. Onların sayı təxminən 320 milyona yaxındır. Buna baxmayaraq, Hindistan hökuməti bu gün də onlara qarşı ayrı-seçkilik və repressiv addımlar tətbiq edir”.
