Bakı.Trend:
İşğal və soyqırımı tək-tək baş verən hadisələr deyil, davamlı strukturlardır.
Trend xəbər verir ki, bu barədə Kanadanın Siqh Federasiyasının hüquqi müşaviri Virinq Pabdjot Sinq Bakıda “1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı bildirib.
“Əsas fikir ondan ibarətdir ki, işğal və soyqırımı birdəfəlik hadisələr deyil, davamlı strukturlardır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hərbi mövcudluğun dayandırılması və ya siyasi hakimiyyətin dəyişməsi işğalın sona çatması demək deyil.
O bildirib ki, bu cür sistemlər institutlar, qanunvericilik, məhkəmə sistemi, polis, bürokratiya, sərhədlər və bilik istehsalı mexanizmləri vasitəsilə fəaliyyətini davam etdirir; bu mexanizmlər əhalinin idarə olunması, onların öz kimliklərindən və tarixi köklərindən uzaqlaşdırılması üçün istifadə oluna bilər.
Pabdjot Sinq vurğulayıb ki, işğal insanların özləri haqqında təsəvvürlərinin, idarə olunma üsullarının dəyişdirilməsi və müqavimətin cinayətləşdirilməsi vasitəsilə davam etdirilir.
