AÇG-də 400-dən çox quyu qazılıb - bp

Energetika Materials 3 İyun 2026 11:33 (UTC +04:00)
AÇG-də 400-dən çox quyu qazılıb - bp
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda indiyədək 400-dən çox quyu qazılıb.

Trend xəbər verir ki, bu barədə bp şirkətinin yataqların işlənməsi üzrə mütəxəssisi Gülüstan Kərimova Bakıda şirkətin tətbiq etdiyi texnologiyalara dair xüsusi media-sessiya zamanı bildirib.

O qeyd edib ki, bp cari ildə AÇG yatağında layların neftvermə əmsalının artırılması məqsədilə iki pilot layihənin – "BrightWater" və IWAG layihələrinin icrasına başlayıb.

Onun sözlərinə görə, bu layihələrin məqsədi layda qalan əlavə neft ehtiyatlarının hasilata cəlb edilməsidir.

AÇG yatağının daha yetkin və mürəkkəb işlənmə mərhələsinə keçməsi ilə əlaqədar əsas diqqət hasilatın təbii azalmasının idarə olunmasına və qalan ehtiyatların daha səmərəli istifadəsinə yönəldilir.

Bunun üçün şirkət müxtəlif mənbələrdən – seysmik tədqiqatlar, quyular, hasilat göstəriciləri və geoloji modellər daxil olmaqla – toplanan böyük həcmli məlumatlardan istifadə edir. Məlumatların emalı yüksək məhsuldarlıqlı hesablama gücü və bulud texnologiyaları vasitəsilə həyata keçirilir.

Bundan əlavə, yerli startapla əməkdaşlıq çərçivəsində müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyasını təmin edən və onların emalını sürətləndirən rəqəmsal alət hazırlanıb. Bu, yatağın idarə olunması və yeni quyuların planlaşdırılması üzrə daha səmərəli qərarların qəbuluna imkan yaradır.

Qeyd edək ki, AÇG üzrə hasilatın pay bölgüsü sazişi çərçivəsində layihənin operatoru "BP Exploration (Caspian Sea) Limited" şirkətidir. İştirak payları belə bölünüb: bp (operator – 30,37%), SOCAR – 35,30%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh – 2,92%.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti