Logistikada AI-ın inkişafına məlumat mübadiləsinin zəifliyi mane olur - Adomaviçyus

Telekommunikasiya Materials 3 İyun 2026 13:33 (UTC +04:00)
Logistikada AI-ın inkişafına məlumat mübadiləsinin zəifliyi mane olur - Adomaviçyus
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Logistikada suni intellektin (AI) inkişafına məlumat mübadiləsinin zəifliyi mane olur.

Trend xəbər verir ki, bunu Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurqis Adomaviçyus Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, süni intellekt insan amili olmadan effektiv işləyə bilməz və texnologiyalardan düzgün istifadə üçün ilk növbədə insan resurslarının hazırlığı vacibdir.

Y.Adomaviçyus qeyd edib ki, müasir dövrdə süni intellekt anlayışı tez-tez robot texnologiyaları ilə qarışdırılır və bu səbəbdən hansı alətin hansı sahədə tətbiq edilməsinin düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, beynəlxalq logistika sahəsində əsas problemlərdən biri məlumatların keyfiyyəti və məlumat mübadiləsi mexanizmlərinin yetərsizliyidir.

“AI yalnız keyfiyyətli məlumat bazası olduqda effektiv işləyə bilər. Bu məlumatlar hökumətlərdən, gömrük orqanlarından və tranzit ölkələrinin sistemlərindən daxil olmalıdır. Lakin bir çox hallarda gömrük məlumatları düzgün olmur və ölkələr arasında məlumat mübadiləsi protokolları mövcud deyil”, – deyə o vurğulayıb.

Y.Adomaviçyusun sözlərinə görə, rəhbərlik etdiyi gömrük brokeri şirkəti hər ay təxminən 40 min sifariş emal edir və yalnız cümə günləri axşam saatlarında minlərlə sifariş daxil olur. Bu zaman əsas məqsəd yük maşınlarının Trans-Xəzər marşrutu ilə hərəkət imkanlarının operativ şəkildə müəyyənləşdirilməsidir.

O qeyd edib ki, şirkət əvvəllər logistika proseslərinin avtomatlaşdırılması üçün yüz minlərlə avro sərmayə yatırsa da, keyfiyyətsiz məlumatlar səbəbindən istənilən nəticəni əldə etmək mümkün olmayıb.

“Biz iki il ərzində məlumat bazamızı süni intellekt üçün yararlı vəziyyətə gətirmək üzərində çalışdıq. Hazırda AI nəqliyyat sənədlərini, CMR-ləri, sertifikatları və digər məlumatları analiz edərək marşrutların uyğunluğunu qiymətləndirə bilir”, – deyə o əlavə edib.

Y.Adomaviçyus hesab edir ki, məlumat mübadiləsi sistemləri və düzgün məlumat bazası olmadan süni intellekt logistika sektorunda gözlənilən effekti verə bilməz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti