Azərbaycanda tranzit yükdaşımaları 2,5 dəfə artıb

İqtisadiyyat Materials 3 İyun 2026 12:58 (UTC +04:00)
Azərbaycanda tranzit yükdaşımaları 2,5 dəfə artıb
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə Azərbaycan ərazisindən tranzi yükdaşımalarının həcmi 4,3 milyon tona çatıb ki, bu 2019-cu ilin göstəriciləri ilə müqayisədə 2,5 dəfə çoxdur, konteyner daşımaları isə 25 faiz artaraq 77 min TEU-a yüksəlib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin Beynəlxalq Nəqliyyat Əməliyyatları şöbəsinin müdiri Aytən Turabova Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji mövqeyi sayəsində Azərbaycan regionun əsas tranzit qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirir, rəqəmsallaşma isə nəqliyyat sisteminin rəqabət qabiliyyətini artıran mühüm amilə çevrilir.

Aytən Turabova qeyd edib ki, son 20 il ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb, o cümlədən dəmir yollarının, avtomobil magistrallarının, hava limanlarının və liman obyektlərinin tikintisi həyata keçirilib.

O, ən iri layihələr sırasında illik ötürmə qabiliyyəti 5 milyon ton olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttini, eləcə də 15 milyon ton yükötürmə gücünə və 100 min TEU konteyner terminalına malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanını xüsusi qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin gələcək inkişafı yalnız infrastrukturdan deyil, həm də rəqəmsal həllərin tətbiqindən asılıdır.

Aytən Turabova bildirib ki, hazırda yük göndərənləri, daşıyıcıları, ekspeditorları, dövlət qurumlarını və digər nəqliyyat-logistika iştirakçılarını vahid rəqəmsal mühitdə birləşdirəcək “bir pəncərə” üzrə vahid informasiya sisteminin yaradılması üzərində iş aparılır.

O qeyd edib ki, yeni sistem bürokratik prosedurların azaldılmasına, məlumatların bir dəfə təqdim edilməsi prinsipinin tətbiqinə, daşımaların şəffaflığının artırılmasına və nəqliyyat marşrutlarında dar boğazların real vaxt rejimində müəyyən edilərək aradan qaldırılmasına imkan verəcək.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində də rəqəmsallaşmanı fəal şəkildə təşviq edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində elektron icazə sisteminin (e-Permit) tətbiqi istiqamətində işlər davam etdirilir. Elektron icazələrin mübadiləsi artıq Türkiyə, Qırğızıstan və Özbəkistanla həyata keçirilir, Qazaxıstanla isə danışıqlar aparılır.

.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti