Bakı. Trend:
Azərbaycanın və Türkiyənin regiondakı strateji mövqeyi Orta Dəhliz və digər beynəlxalq logistika marşrutlarının inkişafı üçün geniş imkanlar yaradır.
Trend xəbər verir ki, bunu Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) Baş İcraçı direktoru Alper Özel Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
O bildirib ki, Türkiyənin nəqliyyat və ixrac potensialı yüksək göstəricilərlə xarakterizə olunur. Onun sözlərinə görə, 2025-ci ildə Türkiyədən müxtəlif ölkələrə, o cümlədən Avropadan Monqolustana, Portuqaliyadan Oman və Əfqanıstana qədər geniş coğrafiyanı əhatə edən təxminən 2,2 milyon ixrac daşımaları həyata keçirilib.
Alper Özel qeyd edib ki, Türkiyənin ötən il ümumi ixrac həcmi təxminən 260 milyard ABŞ dolları təşkil edib və bunun təxminən 110 milyard dolları avtomobil yolu ilə daşınıb. Onun sözlərinə görə, bu da ümumi ixracın 41–42 faizinin avtomobil nəqliyyatının payına düşdüyünü göstərir.
O əlavə edib ki, digər nəqliyyat növlərinin pay bölgüsü təxminən 45–46 faiz dəniz, 8–10 faiz hava, 1 faiz isə dəmir yolu nəqliyyatına aiddir.
UND rəhbəri bildirib ki, dəmir yolu infrastrukturu hələ tam inteqrasiya olunmayıb, lakin bu istiqamətdə dövlət tərəfindən inkişaf addımları atılır. O, eyni zamanda Orta Dəhlizin əsasən avtomobil nəqliyyatı üzərindən işlədiyini, bunun isə sürət və bazar tələbləri ilə bağlı olduğunu vurğulayıb.
Alper Özel qeyd edib ki, Türkiyə hazırda regional nəqliyyat şəbəkələrinin genişləndirilməsi istiqamətində yeni marşrutlar üzərində işləyir və bu marşrutlar arasında İraq, Suriya, Körfəz ölkələri və Avropa istiqamətləri mühüm yer tutur.
O, Türkiyənin Mersin, İstanbul, Samsun kimi liman və logistik mərkəzlərinin Avropa, Qara dəniz və Aralıq dənizi istiqamətində tranzit imkanlarını artırdığını bildirib.
