Bakı.Trend:
Nəqliyyat proseslərinin rəqəmsallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və logistika xərclərini aşağı salmağa qadirdir.
Trend xəbər verir ki, bunu Litva Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurgis Adomaviçyus deyib. Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, logistika sektoru müştəriləri üçün əsas amillər daşınma xərcləri və çatdırılma müddətləridir. Buna görə də rəqəmsal platformaların inkişafı ilk növbədə vaxta qənaətə və proseslərin şəffaflığının artırılmasına yönəlməlidir.
Adomaviçyus qeyd edib ki, Transxəzər marşrutu üzrə daşımaların iştirakçıları müxtəlif ölkələrin sərhədlərində tənzimləmə və prosedur fərqləri ilə üzləşirlər. Onun fikrincə, inteqrasiya olunmuş rəqəmsal platformalar marşrut üzrə tələblər barədə zəruri məlumatları əvvəlcədən əldə etməyə və sərhəd keçidlərində gecikmələrin qarşısını almağa imkan verəcək.
O vurğulayıb ki, bu gün rəqəmsallaşma artıq yalnız kağız sənədlərdən imtina demək deyil, həm də nəqliyyat zəncirinin bütün iştirakçıları arasında məlumat mübadiləsinin və informasiyanın təsdiqlənməsinin sürətləndirilməsi vasitəsinə çevrilib.
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.
