"Şahdəniz"də hasil olunan qazın həcmi açıqlandı

Energetika Materials 3 İyun 2026 15:10 (UTC +04:00)
"Şahdəniz"də hasil olunan qazın həcmi açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın flaqman qaz-kondensat yatağı olan “Şahdəniz”in işlənməyə başlanıldığı vaxtdan indiyədək 278 milyard kubmetr qaz və 53,6 milyon ton qaz kondensatı hasil edib.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Mənbənin verdiyi məlumata görə, 2026-cı il mayın 1-nə olan vəziyyətə əsasən yataqdan qaz ixracının ümumi həcmi 199,6 milyard kubmetrə çatıb.

Yatağın işlənməsinə 2006-cı ildə “Şahdəniz-1” layihəsinin işə salınması ilə başlanılıb, 2018-ci ildə isə “Şahdəniz-2” istismara verilib.

Hazırda yataqda gündəlik hasilat təxminən 74,2 milyon standart kubmetr qaz və ya illik təxminən 27,1 milyard kubmetr təşkil edir.

Uzunmüddətli hasilatın qorunub saxlanılmasında əsas amil kimi "Shah Deniz Compression" (SDC) layihəsi çıxış edəcək. Gözlənilir ki, bu layihə əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və 25 milyon barel kondensatın çıxarılmasına imkan verəcək.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, layihə üzrə işlərin artıq təxminən 30 faizi tamamlanıb və kompressor qurğusunun istismara verilməsi 2029-cu ilə planlaşdırılır.

Layihənin dəyəri 2,9 milyard ABŞ dollarıdır. Layihəyə 2025-ci ildə start verilib və onun məqsədi çıxarma əmsalının artırılması, eləcə də hasilatın pik səviyyəsinin daha uzun müddət saxlanılmasıdır.

Beynəlxalq reytinq agentliyi Moody's qeyd edir ki, “Şahdəniz” dünyanın ən iri qaz-kondensat yataqlarından biridir. Agentliyin qiymətləndirməsinə əsasən, yataqda hasilat artıq illik təxminən 27–27,8 milyard kubmetr səviyyəsində sabit mərhələyə çatıb və 2026–2027-ci illərdə də təxminən 27 milyard kubmetr səviyyəsində qalacağı, daha sonra isə ehtiyatların təbii tükənməsi səbəbindən tədricən azalacağı gözlənilir.

Qeyd edək ki, layihənin operatoru 29,99 faiz payla bp şirkətidir. Layihənin digər iştirakçıları sırasında LUKOIL (19,99%), TPAO (19%), SGC (16,02%), NICO (10%) və MVM Group (5%) yer alır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti