Bakı.Trend:
Süni intellekt qlobal enerji sistemində neft və qazın rolunu zəiflətdirmir, əksinə gücləndirir.
Bunu KPMG-nin Azərbaycandakı rəhbəri Vitaliy Yakovlev Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə bildirib.
"Bakı Enerji Həftəsi bir daha göstərdi ki, dünya energetikası eyni vaxtda həm rəqəmsal, həm də enerji transformasiyası mərhələsinə daxil olur. Əsas mövzulardan biri süni intellektin rolu və data mərkəzlərinin inkişafı oldu. Bu kontekstdə vacib məqam ondan ibarətdir ki, süni intellekt neft və qazın əhəmiyyətini azaltmır. Əksinə, o həm sektoru transformasiya edir, həm də qlobal enerji resurslarına ümumi tələbi artırır. Beynəlxalq Enerji Agentliyinin (IEA) və sahə üzrə araşdırmaların qiymətləndirmələrinə görə, data mərkəzlərinin, bulud texnologiyalarının və maşın öyrənməsi sistemlərinin genişlənməsi artıq rəqəmsal infrastrukturun elektrik enerjisi istehlakını ən sürətlə artan tələbat seqmentlərindən birinə çevirib. Məsələn, ABŞ-da 2026–2027-ci illərdə elektrik enerjisi istehlakı məhz AI infrastrukturunun və data mərkəzlərinin böyüməsi hesabına tarixi maksimumları yeniləyir", -deyə o bildirib.
Yakovlev bildirib ki, bazar proqnozlarına əsasən, 2026-cı ildə qlobal neft tələbi yüksək qiymətlərə və təchizat zəncirindəki pozulmalara baxmayaraq təxminən 104–105 milyon barel/gün səviyyəsində qalır.
"Eyni zamanda təbii qaz sahəsinə investisiyalarda artım müşahidə olunur: IEA-nın məlumatına görə, 2026-cı ildə bu investisiyalar 330 milyard ABŞ dollarını keçə bilər və bu, son on ilin maksimum göstəricisi olacaq. Uzunmüddətli tendensiyalara gəldikdə isə, neftə tələbin pik həddinin IEA qiymətləndirmələrinə görə 2030-cu ilə yaxınlaşacağı (sonra isə platoya çıxacağı), OPEK-in proqnozlarına əsasən isə neft istehlakının yaxın perspektivdə artmağa davam edəcəyi, ən azı 2050-ci ilə qədər yüksəliş trendində olacağı gözlənilir. KPMG Global Energy, Natural Resources and Chemicals CEO Outlook hesabatına əsasən, enerji sektorunda rəhbərlərin 65%-i süni intellekti artıq əsas investisiya istiqamətlərindən biri kimi görür, 82%-i isə AI-nin enerji səmərəliliyini artırdığını və emissiyaları azaltdığını hesab edir. Eyni zamanda şirkətlərin 72%-i yaxın illərdə büdcələrinin 10–20%-ə qədərini AI həllərinin inkişafına yönəltməyi planlaşdırır",-deyə o bildirib.
Beləliklə, onun sözlərinə görə, enerji keçidi neftin və qazın sıradan çıxması anlamına gəlmir.
"Bakı Enerji Həftəsi çərçivəsində mən “Green Energy – Scalable Projects and Regional Export” sessiyasına moderatorluq etdim. Sessiyada bərpa olunan enerji layihələrinin miqyaslandırılması və regional enerji koridorlarının yaradılması müzakirə olundu. Müzakirənin əsas nəticələrindən biri o oldu ki, investorlar bu gün artıq yalnız enerji istehsalına deyil, həm də infrastruktur, ixrac marşrutları və enerji sistemlərinin dayanıqlılığına diqqət yetirirlər.Bununla yanaşı, bazar iştirakçılarının demək olar ki, hamısı razıdır ki, yaşıl transformasiyanın sürətlənməsinə baxmayaraq, yaxın illərdə enerji sistemi diversifikasiya olunmuş qalacaq. Bu isə o deməkdir ki, neft və qaz sistemdə mühüm rol oynamağa davam edəcək — xüsusilə də dəyişkən bərpa olunan enerji mənbələri şəraitində balanslaşdırıcı rol oynayan təbii qaz.Dəyişikliyin ayrıca bir faktoru isə səmərəlilikdir. KPMG Tech Report 2026-ya əsasən, enerji sektoru şirkətləri istehsalın optimallaşdırılması və əməliyyat xərclərinin azaldılması üçün rəqəmsal əkizlər, proqnozlaşdırıcı texniki xidmət (predictive maintenance) və AI analitikası kimi texnologiyaları fəal şəkildə tətbiq edir. Bu isə neft və qaz tələbinin özünü deyil, onun hasilat və emal üsullarını dəyişdirir",-deyə o vurğulayıb
KPMG rəhbərinin sözlərinə görə, bu gün çıxarıla biləcək əsas nəticə ondan ibarətdir ki, süni intellekt enerji sektorunun inkişafında mühüm faktora çevrilir. O, ümumi enerji tələbatını artırır və eyni zamanda enerji bazarını daha mürəkkəb, daha əlaqəli və daha texnoloji edir.
"Buna görə də sənaye üçün əsas sual artıq “neft və qaz yox olacaqmı?” deyil, “süni intellekt və sürətlənən enerji keçidi dövründə neft-qaz sektoru necə formalaşacaq?” şəklindədir.Və məhz şirkətlərin bu dəyişikliklərə uyğunlaşma qabiliyyəti onların yeni enerji arxitekturasındakı rolunu müəyyən edəcək",-deyə o yekunlaşdırıb.
