Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2026 15:35 (UTC +04:00)
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Kiryat-Yam şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri, Kiryat-Yam şəhərinin mer müavini Adam Amilovun təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Kiryat-Yam bələdiyyəsinin tərəfdaşlığı ilə baş tutan tədbirə Azərbaycan icmasının üzvləri, şəhər sakinləri və ictimai xadimlər də daxil olmaqla çoxsaylı qonaqlar qatılıb.

Gecənin aparıcısı “Azİz” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov olub.

Tədbirdə çıxış edən Kiryat-Yam şəhərinin meri David Even-Tzur iki ölkə arasındakı mövcud dostluq münasibətlərinin əhəmiyyətindən danışıb, Azərbaycandan olan insanların şəhərin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Adam Amilov göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib, belə görüşlərin milli-mədəni dəyərlərin qorunmasına, insanların bir araya gəlməsinə və icmalararası əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının layihə meneceri Emil Şleymoviç çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən bəhs edib, onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb.

Şaul Siman-Tov isə müasir Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin məhz həmin dövrdə formalaşan ənənələrə söykəndiyini vurğulayıb.

Tədbirin bədii hissəsi Kiryat-Yam şəhərinin “Akvarel” rəqs qrupunun çıxışı ilə başlayıb. Qrup Rəşid Behbudovun ifasında səslənən musiqinin müşayiəti ilə Azərbaycan rəqsini nümayiş etdirib və qonaqların sürəkli alqışları ilə qarşılanıb.

Musiqiçilər Salman Rabayev və Sarit Yosefin ifasında Azərbaycan dilində səsləndirilən ifalar tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə qonaqlara Azərbaycan şirniyyatları da təqdim edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti