Bakı. Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin növbəti prosesi baş tutub.
Trend xəbər verir
ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
təqsirləndirilən Mehriban Abasquliyevanın vəkilləri çıxış edib.
Vəkillər müvəkkilinə bəraət verilməsini istəyib.
Daha sonra təqsirləndirilən Elnur Əhmədli və Hamlet Mustafayev son söz olaraq məhkəmədən ədalətli qərar verməsini istəyib.
Daha sonra son söz üçün Mehriban Abasquliyeva söz verilib. O,
buna hazər olmadığını deyib, məhkəmədən vaxt istəyib.
Məhkəmə ona bir saat vaxt verib.
Növbəti prosesdə Mehriban Abasquliyeva iştirak etməyib.
Vəkil bildirib ki, Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirilib.
Məhkəmə ona xəbərdarlıq edib.
Məhkəmənin növbəti prosesi 4 iyunda keçiriləcək.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın
təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha
çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi
başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq
idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.