Bakı.Trend:
Dünyada rəqəmsal təşəbbüslərin təxminən 85%-i kifayət qədər koordinasiyanın olmaması və məlumatların idarə edilməsi ilə bağlı problemlər səbəbindən uğursuzluğa düçar olur.
Trend xəbər verir ki, bunu SOCAR-ın Satınalma İnkişafı və Mükəmməllik Departamentinin rəhbərinin müavini Elçin Musayev Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çərçivəsində bildirib.
Onun sözlərinə görə, bir çox təşkilat parçalanmış, natamam və uyğunsuz məlumatlar daxil olmaqla aşağı keyfiyyətli data problemi ilə üzləşir ki, bu da rəqəmsal transformasiyanın effektivliyini əhəmiyyətli dərəcədə azaldır.
Elçin Musayev qeyd edib ki, məlumatlar qərarların qəbulunun əsasını təşkil edir, rəqəmsal alətlərin və süni intellekt texnologiyalarının tətbiqi isə bu prosesi sürətləndirməyə imkan verir. Lakin onun sözlərinə görə, təşkilat keyfiyyətsiz məlumatlardan istifadə edirsə, ən müasir rəqəmsal həllər belə yalnız səhv nəticələri daha sürətli şəkildə təqdim edəcək.
O vurğulayıb ki, rəqəmsal platformaların və süni intellekt əsaslı həllərin tətbiqindən əvvəl təşkilatlar məlumatların idarə olunmasına və vahid standartların formalaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
SOCAR nümayəndəsinin sözlərinə görə, uğurlu rəqəmsal transformasiyanın əsas elementləri keyfiyyətli meta-məlumatlar, standartlaşdırılmış biznes proseslər, eləcə də effektiv korporativ idarəetmə sistemidir.
Elçin Musayev həmçinin qeyd edib ki, bir çox şirkətlər bahalı proqram təminatlarının alınmasına fokuslanır, halbuki prioritet məsələ məlumatların keyfiyyəti və dəyərinin təmin edilməsidir. O əlavə edib ki, yalnız etibarlı data idarəetmə sistemi qurulduqdan sonra rəqəmsal alətlər gözlənilən effekti verə və biznesin uğurlu transformasiyasına töhfə verə bilər.
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.
