Bakı.Trend:
Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji sahəsində layihələrin inkişafını, o cümlədən günəş enerjisi istehsalı və binaların damlarına günəş panellərinin quraşdırılması proqramlarını müzakirə edir.
Trend xəbər verir ki, bunu 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirədə Energetika Nazirinin müavini Orxan Zeynalov deyib.
Nazir müavini bildirib ki, ölkə yaşıl enerjiyə keçid prosesindədir və bərpaolunan enerji mənbələrinin inkişafına aktiv investisiya yatırır.
“Gələn ilədək biz milli enerji sisteminə 2 giqavat gücündə istehsal həcmini inteqrasiya etməyi planlaşdırırıq ki, bu da 5 milyard kilovat-saat elektrik enerjisi istehsalı deməkdir. Bu, 2,4 milyon ton həcmində karbon və istixana qazlarının emissiyasını azaltmağa, həmçinin ölkə daxilində istifadə oluna biləcək və eyni zamanda ixraca yönəldilə biləcək 1,1 milyard kubmetr qazın azad olunmasına imkan verəcək”, – deyə o bildirib.
O qeyd edib ki, Dünya Bankı ilə birgə aparılan tədqiqatın ilkin nəticələri ölkədə damüstü günəş panellərinin inkişafı üçün ciddi potensialın olduğunu və bazar və investor marağını göstərir.
Orxan Zeynalov həmçinin vurğulayıb ki, Azərbaycan Energetika Nazirliyi bu tədqiqatın nəticələrinin və müvafiq layihələrin davamlı şəkildə həyata keçirilməsinə və təşviqinə dəstək verməyə hazırdır.
