Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın zamanda həll olunacağına ümid etdiyini bildirsə də, bu prosesin uzanması ehtimalını da istisna etməyib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Ağ Ev rəhbəri “The New York Post” müxbirinə verdiyi müsahibədə bildirib ki, belə olan halda ABŞ-nin Hörmüz boğazı ərazisində tətbiq etdiyi blokadanın daha bir neçə ay - sentyabrın əvvəlinə qədər davam etməsi mümkündür.
Bununla belə, ABŞ Prezidenti bu ssenarini yenə də az ehtimal olunan variant kimi qiymətləndirib. “Bilmirəm. Düşünürəm ki, belə bir şey ola bilər (blokadanın sentyabra qədər davam etməsi). Amma bu, az ehtimal olunandır. Düşünürəm ki, biz bütün problemləri kifayət qədər tez həll edəcəyik”, - deyə o müsahibəsində bildirib.
Tramp həmçinin İranla davam edən danışıqlarla bağlı nikbin fikirlər səsləndirərək vəziyyətin sürətlə inkişaf etdiyini qeyd edib.
