Enerji sistemlərinin arxitekturası dəyişir - Teona Elizaraşvili

Energetika Materials 3 İyun 2026 17:18 (UTC +04:00)
Enerji sistemlərinin arxitekturası dəyişir - Teona Elizaraşvili
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Paylanmış bərpa olunan enerji mənbələrinin inteqrasiyası paylayıcı şəbəkələrin etibarlılığının və çevikliyinin artırılmasını, o cümlədən infrastrukturun və idarəetmə sistemlərinin modernləşdirilməsini tələb edir.

Trend xəbər verir ki, bunu Dünya Bankının energetika üzrə müşaviri Teona Elizaraşvili 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində baş tutan panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, paylanmış enerji resursları istehlakçılara yaxın yerləşdirilən kiçik və orta həcmli generasiya qurğularını ifadə edir.

“Ənənəvi stansiyalardan fərqli olaraq, bunlar istehlak mərkəzlərinə çox yaxın yerləşən kiçik və orta bərpa olunan enerji generasiya qurğularıdır”, - deyə o qeyd edib.

O vurğulayıb ki, bu cür mənbələrin inkişafı ilə enerji sistemlərinin arxitekturası da dəyişir.

“Əvvəllər enerji sistemləri elə layihələndirilirdi ki, böyük generasiya bir məkanda yerləşirdi və elektrik axını yalnız bir istiqamətdə - generasiyadan istehlakçılara doğru gedirdi. İndi isə vəziyyət dəyişib və axın ikitərəfli xarakter alır”, - deyə o bildirib.

T. Elizaraşvili əlavə edib ki, bu, paylayıcı şəbəkələr üzərində əlavə yük yaradır.

“Bu, mövcud paylayıcı infrastruktur, xüsusilə xətlər və transformatorlar üzərində ciddi təzyiq yaradır”, - deyə müşavir vurğulayıb.

Onun sözlərinə görə, əlavə çağırışlar günəş enerjisinin dəyişkənliyi, enerjinin geri axınları, elektrik enerjisinin keyfiyyəti ilə bağlı məsələlər və şəbəkələrin müşahidəolunma səviyyəsinin artırılması zərurəti ilə bağlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti