Bakı.Trend:
Azərbaycan nəqliyyat infrastrukturuna genişmiqyaslı investisiyalar sayəsində Orta Dəhlizin inkişafında əsas rol oynayır və marşrutun Xəzər hissəsində mərkəzi mövqe tutur.
Trend xəbər verir ki, bunu Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının (UND) baş direktoru Alper Özəl Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz bu gün artıq alternativ nəqliyyat marşrutu deyil, Avropa ilə Asiya arasında dayanıqlı təchizat zəncirlərinin təmin edilməsi üçün strateji zərurətə çevrilib.
Özəl qeyd edib ki, Azərbaycan dəhlizin inkişafı istiqamətində böyük işlər görüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu, nəqliyyat bağlantıları və Ələt Azad İqtisadi Zonası kimi sahələrə investisiyalar yatırıb.
“Xəzər dənizi Orta Dəhlizin "ürəyidir", Azərbaycan isə bu prosesin tam mərkəzində yerləşir”, - deyə o vurğulayıb.
Türkiyəli assosiasiya rəhbəri bildirib ki, Avropa İttifaqı təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi siyasəti çərçivəsində Orta Dəhlizə artan maraq göstərir.
Onun sözlərinə görə, Türkiyə marşrutun Avropaya açılan “qapısı” rolunu oynayır və dəhlizin daha da inkişafı Azərbaycan və Türkiyənin nəqliyyat qurumları, logistika şirkətləri və aidiyyəti strukturları arasında daha sıx əməkdaşlıq tələb edir.
Özəl həmçinin mövcud “dar boğazların” aradan qaldırılmasının və logistika proseslərinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, yük gözləmə vaxtının azaldılması və daşımaların rəqəmsallaşdırılmasının davam etdirilməsi marşrutun rəqabət qabiliyyətini artıracaq.
