Bakı. Trend:
“Şöhrət” ordenli, Azərbaycanın xalq artisti, teatr və kino sənətinin əfsanəvi nümayəndəsi Rafiq Əzimov Trend-ə müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilmiş sədr seçkilərini kəskin tənqid edib.
O bildirib ki, təşkilatın bir çox üzvü, o cümlədən özü səsvermənin keçirilməsi barədə məlumatlandırılmayıb. Qeyd edək ki, 87 yaşlı sənət korifeyi bu gün də səhnədə fəaliyyət göstərərək milli mədəniyyətin inkişafına böyük töhfə verir. O, əllidən çox tamaşada və otuzdan artıq bədii filmdə çoxsaylı yaddaqalan obrazlar yaradıb.
Xatırladaq ki, mayın 26-da keçirilən səsvermənin nəticələrinə əsasən, daha əvvəl icraçı katib vəzifəsində çalışmış Əli İsa Cabbarov İttifaqın yeni sədri seçilib. Seçkilərin nəticələrinin baxılması və təsdiqlənməsi üçün Azərbaycan Ədliyyə Nazirliyinə göndərilməsi nəzərdə tutulur.
“Ömrümün təxminən 65 ilini incəsənətə həsr etmişəm. Amma mənə hörmətsizlik göstərərək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr seçkilərinə belə dəvət etmədilər. Halbuki uzun illərdir bu təşkilatın üzvüyəm. Bu münasibətin səbəbini hələ də başa düşə bilmirəm”, – deyə aktyor bildirib.
Xalq artisti xatırladıb ki, bir neçə bədii filmdə çəkildikdən sonra həmkarlarının tövsiyəsi ilə 1972-ci ildə İttifaqa qəbul olunub. Onun sözlərinə görə, əvvəlki illərdə Kinematoqrafçılar İttifaqı böyük nüfuza malik olub və Azərbaycan kinosunun aparıcı simalarını bir araya gətirib.
Əzimov keçirilən səsvermənin legitimliyini də şübhə altına alıb. O bildirib ki, malik olduğu məlumata görə, tanınmış kino xadimlərinin bir çoxu seçkilərdə iştirak etmək üçün dəvət almayıb.
“Mən bu seçkiləri qanunsuz hesab edirəm. Bildiyim qədərilə, İttifaqın ən azı 27 üzvünə yığıncaq barədə məlumat verilməyib və onlar səsvermədə iştirak edə bilməyiblər. Əgər kvorum olmayıbsa, seçkiləri necə baş tutmuş hesab etmək olar?” – deyə o vurğulayıb.
Aktyorun sözlərinə görə, səsvermədə çoxlu sayda gənc kino nümayəndəsinin iştirak etməsi, amma tanınmış kino ustalarının prosesdən kənarda qalması xüsusilə təəccüb doğurur.
“Biz də vaxtilə gənc olmuşuq. Amma yanımızda həmişə sözü keçən, nüfuzlu sənətkarlar olub. İttifaqa peşəkar mühitdə tanınan, nüfuz sahibi olan və kinematoqrafçıların maraqlarını ən yüksək səviyyədə təmsil etməyi bacaran şəxslər rəhbərlik etməlidirlər”, – deyə Əzimov bildirib.
O, müxtəlif illərdə Kinematoqrafçılar İttifaqına rəhbərlik etmiş tanınmış mədəniyyət xadimlərinin fəaliyyətini də xatırladaraq, onların cəmiyyətdəki nüfuzunu və təsir gücünü vurğulayıb. Onun fikrincə, SSRİ Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi sədr vəzifəsi üçün ən layiqli seçimdir.
Xalq artistinin fikrincə, yaranmış vəziyyət aidiyyəti qurumlar tərəfindən hərtərəfli araşdırılmalıdır.
“Bütün bu suallara cavab verilməlidir. Kvorumun olub-olmadığı, niyə bir çox İttifaq üzvünün dəvət edilmədiyi və səsvermənin hansı əsaslarla keçirildiyi aydınlaşdırılmalıdır. Əgər hər şey nizamnaməyə uyğun aparılıbsa, bu sübut olunmalıdır. Əks halda isə müvafiq nəticələr çıxarılmalıdır”, – deyə o qeyd edib.
Əzimov vurğulayıb ki, onun tənqidi gənc kinematoqrafçılara qarşı yönəlməyib, milli kinonun gələcəyi ilə bağlı narahatlığından irəli gəlir.
“Mən həmişə gəncləri dəstəkləmişəm və istəyirəm ki, Azərbaycan kinosunun gələcəyi peşəkarların əlində olsun. Amma istənilən seçki açıq, şəffaf və təşkilatın nizamnaməsinə tam uyğun şəkildə keçirilməlidir”, – deyə xalq artisti qeyd edib.
