Emin Ağalarov Sea Breeze-lə bağlı yeni planlardan danışdı

İqtisadiyyat Materials 4 İyun 2026 17:48 (UTC +04:00)
Emin Ağalarov Sea Breeze-lə bağlı yeni planlardan danışdı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

"Sea Breeze" və "Sberbank" Azərbaycanda texnoloji həllərin tətbiqinə dair saziş imzalayıblar.

Trend xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2026) çərçivəsində keçirilən “Rusiya – Azərbaycan” sessiyasında "Agalarov Development" şirkətinin prezidenti və "Sea Breeze" kurort-şəhərinin təsisçisi Emin Ağalarov bildirib.

“Bu gün biz "Sberbank" ilə onların yüksək texnologiyalarının təkcə "Sea Breeze" layihəsinə deyil, həm də "Sea Breeze"dən kənarda, Azərbaycanın digər ərazilərində inteqrasiyasına dair saziş imzaladıq. Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq iqtisadiyyat, nəqliyyat və texnologiyalar da daxil olmaqla bir çox istiqamətlər üzrə inkişaf edir. "Sea Breeze" layihəsinin əsası təxminən 20 il əvvəl qoyulub və bu müddət ərzində iri inkişaf layihəsinə çevrilib”, – deyə o qeyd edib.

E. Ağalarovun sözlərinə görə, layihə çərçivəsində artıq bir neçə milyon kvadratmetr daşınmaz əmlak inşa edilib, eyni zamanda 4,5 milyon kvadratmetr sahədə tikinti işləri davam etdirilir.

“Layihənin ümumi həcmi 30 milyon kvadratmetr təşkil edəcək”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda "Sea Breeze"də təxminən 50 min rezident yaşayır və perspektivdə şəhər 500 min nəfər üçün nəzərdə tutulub.

E. Ağalarov həmçinin bildirib ki, son bir il ərzində təxminən 15 beynəlxalq hotel operatoru ilə müqavilələr imzalanıb.

O qeyd edib ki, ilk hotellərin artıq bu il istifadəyə verilməsi planlaşdırılır.

Bundan əlavə, E. Ağalarov layihə ərazisində iki məktəbin, bir uşaq bağçasının, uşaq incəsənət mərkəzinin, xəstəxananın və yaxta marinasının fəaliyyət göstərdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti