Bakı. Trend:
Qanunsuz məqsədlə verilən pul və ya digər əmlakın məhkəmə qaydasında geri qaytarılması, bir qayda olaraq, mümkün olmur.
Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, məhkəmə praktikasında bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə digər şəxslərə pul və ya əmlak verirlər. Vəd edilən nəticə əldə olunmadıqda isə həmin vəsaitin geri qaytarılması ilə bağlı mülki məhkəmələrə müraciət edirlər.
Ali Məhkəmədən qeyd olunub ki, mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə aparılarkən ilk növbədə həmin tələbin qanuni əsası araşdırılır.
Məlumata görə, mülki hüquqda pul tələbinin təmin edilməsi üçün tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunla müəyyən edilmiş digər hüquqi əsaslardan yaranmalıdır.
“Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır”, – məlumatda vurğulanıb.
Ali Məhkəmə bildirib ki, bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar.
“Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunarsa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir”, – deyə məlumatda qeyd edilib.
Ali Məhkəmədən həmçinin diqqətə çatdırılıb ki, belə hallarda şəxslər təkcə pulu itirmək riski ilə deyil, əlavə hüquqi nəticələrlə də üzləşə bilərlər.
“İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər”, – məlumatda bildirilib.
Ali Məhkəmə vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslar üzərində qurmağı, qanunsuz münasibətlərdən isə çəkinməyi tövsiyə edib.
