Bakı.Trend:
Avrasiya ölkələrində avtomobil daşımaları və nəqliyyat infrastrukturunun inkişafı logistika şəraitinin sistemli şəkildə yaxşılaşdırılmasını, inzibati maneələrin azaldılmasını və əlaqəli infrastrukturun modernləşdirilməsini tələb edir.
Trend xəbər verir ki, bu barədə "TransExpeditions LLP" şirkətinin dövlət qurumları ilə əlaqələr və komplayens üzrə direktoru Sayran Mederov Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, nəzərdən keçirilən marşrutlar üzrə daşımaların əhəmiyyətli hissəsi məhz avtomobil nəqliyyatının payına düşür ki, bu da onu regionun logistika sisteminin əsas elementlərindən birinə çevirir.
O qeyd edib ki, marşrutların inkişafı yalnız nəqliyyat sektoruna deyil, iqtisadiyyatın əlaqəli sahələrinə də təsir göstərir.
“Biz nəqliyyat marşrutunu inkişaf etdirərkən yalnız marşrutun özünü deyil, onunla bağlı bütün istiqamətləri də inkişaf etdiririk. Bu, biznesə, logistikaya və ölkələr arasında iqtisadi əlaqələrə təsir göstərir”, – deyə o bildirib.
Mederovun sözlərinə görə, son illərdə regionun bir sıra ölkələrində sahənin tənzimlənməsi istiqamətində müsbət dəyişikliklər müşahidə olunur.
“Son iki ildə vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Biznes qərarların qəbul edilməsi prosesinə daha fəal şəkildə cəlb olunur və daşıyıcılar assosiasiyaları cərimələr və daşımaların tənzimlənməsi ilə bağlı bir sıra normativ aktlara və əmrlərə dəyişikliklərin edilməsinə nail olublar”, – deyə Mederov əlavə edib.
