Kibertəhlükəsizlik yalnız resurslarla təmin edilə bilməz - AMEA-nın vitse-prezidenti

Telekommunikasiya Materials 4 İyun 2026 11:16 (UTC +04:00)
Kibertəhlükəsizlik yalnız resurslarla təmin edilə bilməz - AMEA-nın vitse-prezidenti
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal dövlətə yönələn tələblər əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqlidir. Son 20 il ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunub.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.

R.Əliquliyev əlavə edib ki, hazırda əsas məqsəd ayrı-ayrı dövlət qurumlarının korporativ maraqlarından daha çox Azərbaycan dövlətinin ümumi maraqlarına və Konstitusiyanın tələblərinə cavab verən vahid rəqəmsal dövlət modelinin formalaşdırılmasıdır:

“Hər bir dövlət qurumunun özünəməxsus vəzifələri və fəaliyyət istiqamətləri mövcuddur. Müşahidələr göstərir ki, bu vəzifələrin icrası yüksək səviyyədə həyata keçirilir. Bununla belə, rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlər yalnız inzibati və maliyyə resursları hesabına reallaşdırıla bilməz. Bu istiqamətdə akademik dəstəyə, elmi potensiala və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə əməkdaşlığa ehtiyac var”.

AMEA-nın vitse-prezidenti bildirib ki, ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması qarşısında duran əsas məsələlərin həm obyekt, həm də subyekt tərəfi mövcuddur. Obyekt dedikdə rəqəmsal dövlətin özü nəzərdə tutulur. Bu dövlət modeli təhlükəsiz, etibarlı, dayanıqlı olmalı və bəşəri dəyərlərə hörmət prinsipləri əsasında qurulmalıdır.

Bununla yanaşı, şəbəkə-kommunikasiya infrastrukturu, daxili rəqəmsal ekosistem, süni intellekt texnologiyalarının tətbiqi, onların idarə olunması, süni intellekt agentlərinin qarşılıqlı fəaliyyəti və kollektiv süni intellekt modellərinin formalaşdırılması kimi məsələlər də elmin qarşısında yeni vəzifələr qoyur.

Milli kibertəhlükəsizlik sisteminin subyekti kimi fəaliyyət göstərən institutların, mexanizmlərin və idarəetmə modelinin necə qurulacağı da mühüm əhəmiyyət kəsb edir. Bu sistemin arxitekturası, funksional imkanları və inkişaf istiqamətləri elmi yanaşmalar əsasında müəyyənləşdirilməlidir.

İnstitut direktorunun sözlərinə görə, hazırda müxtəlif elmi müəssisələr və ali təhsil ocaqları ilə birlikdə rəqəmsal dövlətin arxitekturasının, milli kibertəhlükəsizlik ekosisteminin əsas parametrlərinin müəyyənləşdirilməsi, onların ölçülməsi və qiymətləndirilməsi, eləcə də strateji səviyyədə kibertəhlükəsizlik vəziyyətinin monitorinqi istiqamətində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti