Bakı. Trend:
Kanadanın Ontario əyalətinin Niaqara Fols şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Toronto, Hamilton, Kembric və ətraf bölgələrdə yaşayan soydaşlarımız iştirak edib.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Niaqara Folsda
Azərbaycan bayrağının ucaldılmasının qürurverici hadisə olduğunu
söyləyib. O, bu təşəbbüsə göstərilən dəstəyə görə şəhərin bələdiyyə
başçısı Jim Diodatiyə, eləcə də Şəhər Şurasının üzvləri Mona Patel
və Ruz Ən Niyuvesteqə (Ruth Ann Nieuwesteeg) təşəkkürünü ifadə
edib.
Daha sonra üçrəngli bayrağımız havaya qaldırılıb.
Soydaşlarımız belə əlamətdar tədbirdə bir araya gəlməkdən məmnun olduqlarını bildiriblər. Azərbaycanın Müstəqillik Gününün xaricdə qeyd olunmasının milli dəyərlərimizin təbliği və həmrəyliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.