Bakıda TDT üzv ölkələrin mərkəzi bankları şurasının növbəti toplantısı keçirilir (FOTO)

İqtisadiyyat Materials 4 İyun 2026 15:59 (UTC +04:00)
Bakıda TDT üzv ölkələrin mərkəzi bankları şurasının növbəti toplantısı keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda “Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” hesabında paylaşım edib.

“Qardaş ölkələrin mərkəzi bank rəhbərlərini və Türk Dövlətləri Təşkilatının Baş katibini Bakıda qarşılamaqdan böyük məmnunluq duyuruq.

Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə rəhbərlik etdiyimiz qurumlar arasında dialoq və təcrübə mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

İnanırıq ki, bu toplantı Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla regionumuzda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcək”, - paylaşımda qeyd edilib.

İclasla əlaqədar olaraq şuranın üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikası mərkəzi banklarının rəhbər heyətləri Azərbaycanda səfərdədirlər. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.

Toplantı təmsil olunan ölkələrin mərkəzi banklarının qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində üzləşdiyi çağırışlar və yeni imkanlarla bağlı məsələlərin müzakirəsi üçün effektiv platforma olacaq.

Belə ki, toplantı çərçivəsində “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” və “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzuları ətrafında təqdimatlar keçiriləcək və müzakirələr aparılır.

2024-cü ildə təsis edilmiş şuranın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas məqsədi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin və tədqiqat işlərinin təşviq edilməsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti