Bakı. Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin prosesi yekunlaşıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən Mehriban Abasquliyeva 7 il 6 ay , Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.
