Bakı.Trend:
Sea Breeze layihəsi çərçivəsində 50 hektar ərazini əhatə edən "Half Moon" adasında təxminən bir milyon kvadratmetr daşınmaz əmlak, əyləncə obyektləri və brendli daşınmaz əmlakın tikintisi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2026) çərçivəsində keçirilən “Rusiya – Azərbaycan” sessiyasında "Agalarov Development" şirkətinin prezidenti və "Sea Breeze" kurort-şəhərinin təsisçisi Emin Ağalarov bildirib.
Onun sözlərinə görə, "Killa Design" tərəfindən layihələndirilən "Cipriani" qülləsi Azərbaycanın ən hündür tikilisi olacaq.
E. Ağalarov həmçinin bildirib ki, Sea Breeze ərazisində inşa edilən "Venetian Harbour" kompleksinin açılışı gələn ilin yayına planlaşdırılır.
O qeyd edib ki, Azərbaycanda oyun sənayesinin inteqrasiyasına dair qanun qəbul edildikdən sonra layihə çərçivəsində sahəsi 90 min kvadratmetr olan kazino kompleksinin tikintisi nəzərdə tutulur.
E. Ağalarovun sözlərinə görə, Azərbaycanda hər il üç milyona yaxın turist səfəri qeydə alınır və "Sea Breeze"də bu göstəricinin növbəti dörd-beş il ərzində iki dəfə artacağı proqnozlaşdırılır.
O həmçinin bildirib ki, genişləndirmədən sonra Dream Arena konsert məkanının tutumu 50 min nəfər təşkil edəcək.
Bundan əlavə, E. Ağalarov bildirib ki, 200 hektar ərazini əhatə edən "Fire Island" layihəsi çərçivəsində Formula-1 trasının şəhərdən köçürülməsi planlaşdırılır.
Onun sözlərinə görə, "Medical Cluster" layihəsi çərçivəsində dünyanın aparıcı on xəstəxanasının, reabilitasiya mərkəzlərinin və universitetlərinin inteqrasiyası nəzərdə tutulur.
E. Ağalarov həmçinin "Şahdağ" dağ-xizək kurortu ərazisində layihənin həyata keçirildiyini və Özbəkistanda "Sea Breeze" layihəsinin inşa olunduğunu bildirib.
Onun sözlərinə görə, Özbəkistanda layihənin başlanması barədə qərar Özbəkistan Prezidentinin ötən ilin yayında "Sea Breeze"ə səfərindən sonra qəbul edilib.
