Bakı. Trend:
Ukrayna təmsilçisi “Vorskla” (Poltava) 2026/2027-ci illər mövsümü üçün peşəkar klub lisenziyası əldə edə bilməyib.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının Attestasiya Komitəsi qərar qəbul edib.
Məlumata əsasən, klub növbəti mövsümdə peşəkar statusla yarışlarda iştirak etmək hüququ qazanmayıb. Həmçinin komanda rəhbərliyi cari çempionatın keçid oyunlarında iştirak etməmək barədə qərar verib. Bu isə faktiki olaraq klubun peşəkar statusunu itirməsi anlamına gəlir.
Bildirilir ki, “Vorskla”nın yeni rəhbərliyi təşkilati və idarəetmə məsələlərini nizama saldıqdan sonra 2027/2028-ci illər mövsümündə yarımpeşəkar status daşıyacaq yeni yaradılan Üçüncü Liqada iştirak etmək üçün müraciət etməyi planlaşdırır.