Bakı. Trend:
Rusiya Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsinə diqqət yetirir.
Trend-in məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF 2026) keçirilən "Rusiya-Azərbaycan" sessiyasında bildirib.
Onun sözlərinə görə, SPIEF-in gündəliyində Rusiya-Azərbaycan münasibətləri mövzusunun olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi təbiətindən xəbər verir.
Qaluzin vurğulayıb ki, Rusiya və Azərbaycanı ənənəvi dəyərlərə sadiqlik, Cənubi Qafqaz və Xəzər regionlarında sabitlik üçün ortaq məsuliyyət birləşdirir.
O bildirib ki, Rusiya-Azərbaycan dialoqu Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsü çərçivəsində, o cümlədən siyasi dialoq, iqtisadi inteqrasiya, ödəniş sistemlərinin inkişafı və investisiya əməkdaşlığı çərçivəsində inkişaf edir.
Xarici işlər nazirinin müavini qeyd edib ki, dövlətlərarası əlaqələr, o cümlədən parlamentlərarası qarşılıqlı əlaqə və aprel ayında Zəngilanda keçirilən iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir.
"Görüşdən sonra ticarət dövriyyəsinin, investisiya əməkdaşlığının və sənaye əməkdaşlığının artırılması üçün bir sıra tədbirlər hazırlanıb və Rusiya biznesinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa layihələrində iştirakı imkanları müəyyən edilib", - deyə o bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı üzrə işlər davam edir və 2028-ci ilə qədər tranzitin 5 milyon tona çatdırılması üçün tədbirlər hazırlanır.
M. Qaluzin qeyd edib ki, regionda nəqliyyat marşrutlarının uğurlu inkişafı ilə Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat və logistika mərkəzinə çevrilə bilər.
Onun sözlərinə görə, tərəflər sənaye əməkdaşlığı, gəmiqayırma və ərzaq tədarükünün genişləndirilməsi sahələrində əməkdaşlığı davam etdirirlər.
Xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə yaxınlaşmasına kömək etməyə hazırdır ki, bu da mal, nəqliyyat və investisiya bazarlarına çıxışı genişləndirəcək.
