Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Siyasət Materials 4 İyun 2026 22:38 (UTC +04:00)
Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında Rusiya Prezidenti Vladimir Putin deyib: “Bakı ilə Moskva arasında logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələlər var. İran istiqamətinə çıxışı olan ən məşhur Şimal-Cənub dəhlizi buna nümunədir. Hazırda, əlbəttə, İranda baş verən hadisələrlə əlaqədar bu proses bir qədər dayanıb, lakin buna baxmayaraq, bütün bunlar qarşılıqlı maraq kəsb edir. İrana humanitar yardım göndərməyimizə kömək etdiyinə görə Prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli işləyib, bütün xahişlərimizə dərhal reaksiya verib və bu, həmin sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir".

Putin Azərbaycanla çox yaxşı və səmimi münasibətlərin olduğunu vurğulayıb.

"Həm iqtisadi, həm də siyasi sahələrdə həmişə olub və olmaqda davam edir. Bir neçə il əvvəl strateji əməkdaşlıq müqaviləsi imzaladıq və münasibətlərimiz belə inkişaf edir. Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır. Bizim, məncə, Azərbaycan iqtisadiyyatına qoyulmuş Rusiya investisiyalarının həcmi 10 milyarddan çoxdur. Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var. Çox sayda azərbaycanlı Rusiyada işləyir. Onlar əldə etdikləri vəsaitləri ailələrinin dəstəyi üçün göndərirlər. Biz də bunun düzgün və sivil qaydada təşkil olunmasına çalışırıq", - deyə Rusiya Prezidenti bildirib.

Rusiya lideri ticarət dövriyyəsindən danışarkən qeyd edib ki, bu, artmaqdadır və qarşılıqlı mal tədarükü üçün əlavə imkanlar açılır.

"Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu, ilk növbədə, energetikaya aiddir. Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq. Ümumilikdə, hesab edirəm ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə davam edir", - deyə V. Putin vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti