Bakı. Trend:
Yasamal rayon prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar və “Açıq Qapı” günü təşkil olunub.
Trend xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd əmək hüquqlarının müdafiəsi sahəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquqlarının qorunmasında prokurorluğun rolunun təbliği, ictimaiyyətin prokurorluq orqanlarının fəaliyyəti barədə məlumatlılığının artırılması, həmçinin media və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirləri giriş sözü ilə açan Yasamal rayon prokuroru Elman Süleymanov əmək münasibətləri sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb. O, əmək hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində görülən tədbirlər, vətəndaş müraciətlərinə baxılması təcrübəsi, eləcə də rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə və qanunun aliliyinin təmin olunması sahəsində həyata keçirilən işlər barədə məlumat verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlərin ictimaiyyətə operativ və düzgün çatdırılmasının əhəmiyyətindən danışıb. O, həmçinin prokurorluq orqanlarında müasir idarəetmə prinsiplərinin tətbiqi, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr, “Elektron prokurorluq” informasiya sisteminin imkanları və ictimaiyyətlə kommunikasiyanın təkmilləşdirilməsi sahəsində görülən işlərdən bəhs edib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev isə əmək qanunvericiliyinin pozulması ilə bağlı müraciətlərə baxılması, əmək hüquqlarının bərpası istiqamətində görülən tədbirlər və prokurorluq orqanlarının profilaktik fəaliyyəti barədə məlumat verib.
Tədbirlər çərçivəsində əmək hüquqlarının müdafiəsində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti, hüquqi maarifləndirmənin genişləndirilməsi və əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının əhəmiyyəti müzakirə edilib.
“Açıq Qapı” günü zamanı iştirakçılar Yasamal rayon prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və fəaliyyəti barədə məlumat əldə ediblər. Həmçinin “Elektron prokurorluq” informasiya sisteminin funksional imkanları nümayiş etdirilib, müasir kriminalistik texnika və avadanlıqların istintaq prosesində istifadəsi barədə əyani təqdimat keçirilib.
Tədbirlər interaktiv formatda davam edib, iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb və sonda xatirə fotoşəkli çəkdirilib.
